23:37
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.
Məlumata görə, liderlər “Zeytun budağı” əməliyyatını və Suriyadakı son siyasi prosesləri müzakirə ediblər.
Türkiyə vaxtı ilə 20:30-da başlanılması gözlənilən danışıq biraz gecikmə ilə baş tutub:
“Əsas mövzularla yanaşı ikitərəfli əlaqələrə də yer verilib. Ərdoğan qeyd edib ki, “Zeytun budağı” əməliyyatı beynəlxalq hüquq prinspinə söykənir və BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Türkiyə öz müdafiə haqqından istifadə edir. Türkiyə lideri həmçinin terrorizmlə mübarizədə birgə əməkdaşlığın önəmini də xüsusi vurğulayıb. Bundan əlavə, Ərdoğan terrorla mübarizə çərçivəsində ABŞ-ın PYD/YPG-yə silah dəstəyini dayandırmasının vacibliyini bir daha bildirmişdir”, - xəbərdə qeyd olunub.
***
01:45
Ağ Ev Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığı ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Tramp telefon danışığı zamanı Afrində yaşanan gərginlikdən narahatlığını Ərdoğana çatdırıb.
ABŞ prezidentinin sözlərinə görə, “Zeytun budağı” əməliyyatı iki ölkənin Suriyadakı ortaq mövqeyinə zərbə vurdu.
***
Ağ Evin bəyanatına Ankaranın cavabı gecikməyib. Ankara Vaşinqtonu danışığının mahiyyətini tam ifadə etməməkdə günahlandırıb. Rəsmi Ankara Tramp - Ərdoğan telefon danışığının detallarını tam açıqlayıb:
- Tramp Afrin əməliyyatı ilə bağlı “artan şiddətə qarşı narahatlıq” ifadəsini işlətməyib.
- ABŞ tərəfi əməliyyatın vaxtının müəyyən bir zaman kəsiyi ilə məhdudlaşmasını istəyib və Menbiçdə az sayda amerikalı əsgərlərin olmasını əsas gətirərək, toqquşma ehtimalına imkan verilməməli olunduğu bildirilib.
- Türk tərəfi də YPG/PYD silahlılarının daha əvvəl də söz verildiyini kimi Fərat çayının şərqinə sıxışdırılmalı olduğunu, bu zaman Menbiçdə yarana biləcək hər hansı İŞİD təhlükəsinə qarşı bölgəni Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun qoruya biləcəyini qeyd edib.
- ABŞ-ın PYD/YPG terrorçularına silah yardımı göstərməsi müzakirə olunub və Trampın verdiyi vəd xatırlanıb.
- Tramp “Türkiyədən gələn yıxıcı və yanlış tədbirlər” ifadəsini işlətməyib. Yalnız ABŞ-ın açıq şəkildə tənqid olunmasından narazılıq ifadə olunub. Ərdoğan isə öz növbəsində YPG/PYD döyüşçülərinə silah yardımı, FETÖ himayəsi kimi fəaliyyətlərin cəmiyyətdə yaratdığı narazılıqdan danışıb.
- Söhbət əsnasında Türkiyədəki fövqəladə vəziyyət (OHAL) mövzusuna toxunulmayıb.
- Tramp Türkiyədə həbsdə olan bəzi ABŞ vətəndaşlarının və yerli personalın azad edilməsini istəyib. Buna cavab olaraq Ərdoğan Türkiyənin bir hüquq dövləti olduğunu və burada məhkəmənin qərar verəcəyini xatırladıb.