6 Avqust 2014 13:02
2 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəaliyyətinə xitam verilmiş İctimai Palatanın Koordinasiya Şurasının üzvlərinin və digər bir sıra tanınmış ictimai-siyasi xadimin bir araya gəldiyi Milli Strateji Düşüncə Mərkəzi bu həftə Dağlıq Qarabağ mövzusunu müzakirəyə çıxaracaq.

Bu barədə Teleqraf.com-a açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib. Onun sözlərinə görə, həftənin sonunda baş tutacaq tədbirdə böyük ehtimalla Qarabağ mövzusu və Dağlıq Qarabağda yaranmış situasiya ilə bağlı müzakirələr olacaq: “Məsələnin hərbi tərəfləri və konkret son günlər cəbhədəki yaranmış vəziyyət Düşüncə Mərkəzinin araşdırma predmeti deyil. Amma bunun ümumi tərəfləri və son yaranmış situasiyada yeni amil və tendensiyalar müzakirə ediləcək”.

Onun sözlərinə görə, Qarabağ mövzusu, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin konseptual istiqamətləri Düşüncə Mərkəzinin əsas tədqiqat və təhqiqat mövzularından biridir: “Bu barədə bizim müzakirələrimiz olub. Yeni geosiyasi vəziyyətdə Qarabağ problemi: təhdidlər və çıxış yolları” adlı sənəd də qəbul olunub. Bu sənəd müzakirələrin müəyyən hissəsini özündə əks etdirir. Hesab edirəm ki, Qarabağ mövzusu bundan sonra da prioritet mövzulardan biri olacaq. Düşüncə Mərkəzi siyasi qurum deyil, konkret baş verən hər bir hadisəyə də reaksiya ola bilsin verilsin. Amma konkret cəbhədəki son duruma görə yığışmırıq. Ümumilikdə bu münaqişə barədə təhqiqat və araşdırma aparırıq”.

Qeyd edək ki, Düşüncə Mərkəzindəki müzakirələr və görüşlər Müsavat başqanı İsa Qəmbərin təşkilatçılığı ilə keçirilir. Ölkənin müxtəlif ekspertləri toplantıda iştirak etsələr də bu günədək keçirilən görüşlərə AXCP-nin hər hansı nümayəndəsi qatılmayıb.

Nərgiz


Müəllif: