Xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən www.ipetition.com saytında aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiya yaradılıb.
Petisiyanın müəllifi Hollandiyada yaşayan Ataxan Əbilov, Almaniyada yaşayan Dünya Azərbaycanlıları Məclisinin sədri Rövşən Qəmbər və hüquqşünas Qurban Məmmədovdur. Petisiya AŞ PA-ya, Avropa Parlamentinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, BMT Təhlükəsizlik Şurasına və Baş katibinə, ABŞ və Avropa İttifaqı dövlətlərinin başçılarına ünvanlanıb.
Məsələyə münasibət bildirən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Teleqraf.com-a açıqlamasında həmin şəxslərin əslində xaricdəki anti-Azərbaycan dairələrin əlində müəyyən bir alət olduqlarını və Azərbaycana qarşı növbəti çirkin kampaniya apardıqlarını vurğulayıb:
“Petisiyanın yaradılması bu kampaniyanın tərkib hissəsidir. Bir neçə gün öncə Milan məhkəməsinin Azərbaycanla bağlı iddianı rədd etməsi həmin dairələri şok vəziyyətə salıb. İndi onlar Azərbaycana qarşı başqa tərəfdən hücuma keçməyə çalışırlar”.
A.Mirzəzadə qeyd edib ki, əvvəla, həmin qrupun iddiaları tamamilə əsassızdır:
“Əgər onların bu məsələyə dair sualları varsa, internetdən Azərbaycan Konstitusiyasını oxuyub həmin suallara cavab tapa bilərlər. Digər tərəfdən, Azərbaycanı qoyub qaçmış insanlar bu gün Azərbaycanın taleyi ilə bağlı məsələ qaldırırlar. Nədənsə biz heç vaxt onların müraciətlərində 1,2 milyon məcburi köçkünün vəziyyəti, Ermənistanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməməsi, 2 azərbaycanlının işğal olunmuş bölgədə girov saxlanması kimi məsələlərə rast gəlmirik. Məgər bu məsələlər Azərbaycan xalqı üçün taleyüklü deyilmi?!”
Müsahibimiz əlavə edib ki, sadəcə olaraq xaricdəki anti-Azərbaycan mərkəzlərə bu gün ölkəmizə qarşı bir provokasiya lazımdır:
“Atdıqları son addım isə çox cılız və gülünc bir addımdır. Kifayət qədər qeyri-ciddidir”.