19 Fevral 2018 09:19
6 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

00:42

Vaxtilə Azərbaycanda fəaliyyət göstərmiş türkiyəli jurnalist İrfan Sapmaz hazırda hərbi müxbir kimi Suriyanın Afrin bölgəsində vəzifəsini icra edir. Afrində Türkiyə Silahlı Qüvvələrinin (TSQ) həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı ilə bağlı dünyanın müxtəlif ölkələrindən olan media qurumları üçün reportajlar hazırlayan, müsahibələr verən İrfan bəy Teleqraf.com-un da müraciətini yerə salmadı.

İ.Sapmaz öncə Afrindəki son durumla bağlı sualı cavablandırdı.

- Önəmlisi odur ki, əsgərlərimizin əhval-ruhiyəsi yüksəkdir. Bundan heç şübhəniz olmasın. 1595 terrorçu zərərsizləşdirilib. Çoxlu sayda terrorçu qaçıb. Əsəd rejimilə təmasa keçib "gəlin silahlarımızı sizə verək, buranı Türkiyəyə təslim etməyək" deyirlər. Amma Əsəd rejimi də Türkiyə ilə qarşı-qarşıya durmağın nə olduğunu yaxşı bilir. Afrindəki əməliyyatlarla bağlı heç bir problem yoxdur. Həm Afrində, həm də Türkiyə tərəfdən əməliyyatları izləyirəm. Türkiyə bölgəyə yeni qoşunlar toplayır. Afrində isə panika hökm sürür. Hazırda Cindərəs kəndinin mərkəzində əməliyyatlar gedir. Afrinin ətrafındakı kəndlər boşaldılıb. Yerli sakinlər türk ordusunu çox yaxşı qarşılayırlar. Onlar da terrorçuların bölgəni tərk etmələrini istəyirlər.

- ABŞ Dövlət katibi Reks Tillersonun Türkiyəyə səfərindən sonra PYD-nin fəaliyyətində dəyişiklik varmı?
- Tillersonun səfəri zamanı Xarici İşlər naziri Çavuşoğlu PYD-yə verilən silahların geri alınması məsələsini qaldırdı. Biz ABŞ-dan konkret addım gözləyirik. Təəssüf ki, səfərdən sonra heç nə dəyişməyib. Onlar türk ordusunun Münbiçə getməsinin qarşısını almaq istəyirlər. Daha öncə 30 kilometrlik bufer zona məsələsini qaldırmışdılar, amma Türkiyə buna razılaşmadı. Türkiyə Afrinə girəcəyini söylədi və bunu etdi. Tillerson deyir ki, PYD ilə YPG-ni silahlandırmırlar, onları bir-birilə savaşdıra bilərlər. Türkiyə artıq bunlara inanmır. ABŞ-dan fərqli olaraq Rusiya Türkiyə ilə münasibətlərini düzəldir. Suriyada hava sahəsini Türkiyə üçün açdı, hərbçilərini Afrindən geri çəkdi. Hazırda Afrində 10 mindən çox türk əsgəri var.

- ABŞ-ın Bəşər Əsədlə anlaşdığına dair məlumatlar var. Bu doğrudurmu?
- Əsəd Rusiyadan da, ABŞ-dan da dəstək alaraq gücünü artırmaq, ömrünü uzatmaq istəyir. Əsəd ordusunun yaxın vaxtlarda Afrinə girəcəyi bildirilir. Gələn kəşfiyyat xəbərləri bunun doğru olmadığını düşünməyə əsas verir. Afrindən sonra hədəf Münbiçdir.

- Azad Suriya Ordusunun (ASO) sıralarında türk varmı?
- ASO-nun sıralarında türk ola bilər. ASO mülki şəxslərdən formalaşıb. 17 qrup var bu orduda. 30-a yaxın şəhid veriblər.

- ASO-da Əl-Qaidəyə bağlı qruplar varmı?
- Bir müddət öncə Azezdə Əl-Qaidəyə bağlı qruplar vardı. Onlar bəzi ərazilərə nəzarət edirdilər. Sonra çıxıb getdilər. ASO-da çoxlu sayda insan var. Afrində çinli, amerikalı, alman, fransız, ingilis və digər ölkələrdən gəlmiş silahlılar var. Onların hər birini araşdırmaq imkansızdır. TSQ olmadan ASO heç bir qələbə qazana bilməz. Onlar əməkdaşlıqdan məmnundurlar. TSQ-nın da daxildən dəstək olmadan xarici ölkədə uğurlu əməliyyat aparması çətindir.

- Terrorçuların ölüm sayı necə hesablanır?
- Pilotsuz qurğular, snayperlər, kəşfiyyat məlumatları var. Bütün məlumatlar araşdırılır.

- Afrində Türkiyənin hansı hərbi birlikləri var?
- Bordo Berelilər, Polis Xüsusi Təyinatlıları, Jandarma Özəl Hərəkatı, Snayperlər.

- Afrini hansı müddətə tam azad etmək mümkündür?
Təxminən 1,5–2 aya Afrini terrorçulardan təmizləmək mümkündür.

- Azad edilən kəndlər kimin nəzarətinə verilir?
- Kəndlər ASO-nun nəzarətinə verilir. Türkiyənin bu torpaqlarda gözü yoxdur.

- Afrində neft varmı?
- Yoxdur. Neft Rusiya və Çinin nəzarətindəki Deyr ez Zor bölgəsindədir. ABŞ-ın nəzarətindəki Rakkada da neft var.

- ASO-nu silahla kim təmin edir?
- ASO 7 ildir Əsəd rejimilə mübarizə aparır. Suriyanın 85 faizi Əsəd rejimindən təmizləmişdilər. Həmən dövrdən əldə etdikləri silahlardan hələ də istifadə edirlər.

- Pilotsuz qurğuların əldə etdikləri məlumatların Türkiyədəki NATO bazalarına ötürüldüyünə dair məlumatlar doğrudurmu?
- Xeyr. Türkiyə əldə etdiyi qeydləri heç kəslə paylaşmır. Türkiyə ABŞ kəşfiyyatının terrorçulara kəşfiyyat məlumatları ötürdüyünü müəyyən edib. Bundan sonra Türkiyə tədbirlərini gördü.


Müəllif: Ruslan Xəlil

Oxşar xəbərlər