Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi İlkər Başbuğ İyi Partiya ilə Səadət Partiyasının ittifaq qurmasına çalışıb. Həm prezident Ərdoğan, həm də MHP başqanı Dövlət Baxçalının tənqidinə tuş gəlməsində onun bu fəaliyyətinin rolu var.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyənin tanınmış köşə yazarı Nevzat Çiçək bəyan edib.
Jurnalist iddia edib ki, İlkər Başbuğ Adıyamana səfər edərək, orada bir sıra görüşlər keçirib. Səadət Partiyası AKP ilə əməkdaşlığa getməzsə, onun İyi Partiya ilə yaxınlaşması istiqamətində addımlar atacağı təxmin edilir:
“Bəzi məlumatlar əldə etmişəm. Başbug Adıyamanda fərqli şəxslərlə görüşüb, tayfa rəhbərləri ilə müzakirə aparıb. Eyni zamanda adı çəkilən iki partiyanın birləşməsinə çağırış edib. Düşünürəm ki, bütün bu fəaliyyətdən Ankara xəbər tutub. Yəni Başbuğun tənqid edilməsi onun Afrin haqqındakı düşüncələrindən çox bununla bağlıdır”.