27 Fevral 2018 09:34
6 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:32

ABŞ-ın Kaliforniya ştatında Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, ötən il Kaliforniyanın Los Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş “Zülmətdən qaçarkən” (Running from the Darkness) sənədli filmi bir sıra yerli ictimai kanallarda nümayiş etdirilir.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Teleqraf.com-a verilən məlumata görə, sözügedən film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.

Sənədli filmin nümayişi Baş Konsulluğun təşəbbüsü və Şimali Kaliforniyada yaşayan soydaşımız Zərifə Musayevanın təşkilatçılığı ilə həyata keçirilir.

Əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulmuş bu filmin nümayişinə Şimali Kaliforniyanın San Fransisko, San Xose, Kampbel, Mauntin Vyu, Los Altos, Palo Alto və digər şəhərlərindəki yerli ictimai kanallarda fevral ayının 23-dən başlayaraq start verilib və nümayiş bir ay müddətində davam edəcəkdir. Sözügedən şəhərlər dünyanın yüksək texnologiyalar mərkəzi olan Silikon Vadisinə daxildir.

Filmdə, eyni zamanda, Xocalıda törədilmiş dəhşətli hadisələrlə bağlı ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə yer verilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər işıqlandırılır.

***

Fevralın 25-də Xocalı soyqırımının 26-cı ildönümündə ABŞ-ın ən böyük şəhərlərindən olan Çikaqoda yaşayan azərbaycanlı və türk icmasının nümayəndələrinin iştirakı ilə “Xocalıya ədalət” yürüşü keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, yürüş zamanı şəhərin mərkəzi küçəsi olan məşhur Miçiqan prospektində toplaşan soydaşlarımız əllərində “Xocalıya ədalət”, “Xocalını unutmayın” və digər şüarlar yazılmış plakatlar tutublar.

Qeyd edək ki, qardaş ölkə Türkiyə Cümhuriyyətinin Çikaqodakı Baş Konsulu Umut Acar iştirak edərək yürüş iştirakçılarına dəstək olub.

***

Ukraynanın Odessa şəhərində Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Ermənistanın Baş Konsulluğunun qarşısında etiraz aksiyası keçirilib.

Azərbaycanın Ukraynadakı Səfirliyindən verilən məlumata görə, əvvəlcə şəhərin mərkəzi hissəsində “Xocalı soyqırımı!”, “Cinayətkarlar cəzalandırılsın!”, “Xocalıya ədalət!” şüarları ilə avtomobil yürüşü keçirərək aksiya iştirakçıları Ermənistanın Odessadakı Baş Konsulluğu qarşısında toplaşıblar.

Səfirlik və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayəti təşkilatının birgə təşkil etdiyi etiraz aksiyasında Ermənistan hakimiyyətindən işğalçı qoşunlarını Azərbaycan torpaqlarından geri çəkməyi tələb edən aksiya iştirakçıları, mənfur düşmənin indiyədək törətdiyi hər bir cinayətə görə tarix qarşısında cavab verəcəklərini vurğulayıblar. Aksiyada “Rədd ol Qarabağdan!”, “Terrora son qoy!“, “Qarabağ bizimdir, bizim olacaq!”, “Xocalı soyqırımına görə cavab verəcəksiniz!” kimi şüarlar səsləndirilib.

Etiraz aksiyası cinayətkar Ermənistan hakimiyyətinə ünvanlanmış qətnamənin oxunuşu ilə başa çatıb və səmaya Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması məqsədilə qara şarlar buraxılıb.

***

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun Misirin “alwasela.com” saytında “Xocalı Soyqırımı - XX əsrin faciəsi” sərlövhəli məqaləsi yayılıb.

Məqalədə ötən əsrin ən dəhşətli faciələrindən sayılan Xocalı soyqırımı ilə bağlı yerli oxuculara ətraflı məlumat verilib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinin sakinlərinə hücum edib. Məqalədə vurğulanıb ki, Xocalı faciəsi erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir: “Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqlarının məqsədi Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətinə çata bilmədi”.

Daha sonra müəllif yazır ki, ermənilərin Xocalıya əsas marağı bu rayonun strateji mövqeyə malik olması ilə əlaqədar idi. Xocalı Xankəndidən 12 kilometr şimal-şərqdə yerləşirdi və bölgədə yeganə aeroport Xocalıda idi.

Məqalədə ermənilərin yüz illərdir davam edən işğalçı siyasəti barədə də məlumat verən Seymur Nəsirov sonda beynəlxalq ictimaiyyəti bu siyasəti durdurmağa, Xocalı soyqırımına hüquqi qiymət verməyə çağırıb.

***

Türkiyənin Uşak Universitetində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) Uşak şəhər təmsilçiliyinin azərbaycanlı tələbələrinin təşkilatçılığı və İNDEX - Azərbaycan insan kapitalı və inkişaf mərkəzinin dəstəyi ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Diasporlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, tədbirdə universitetin müəllimləri, müxtəlif ölkələrdən olan tələbələr, Azərbaycan icmasının nümayəndələri, yerli ictimaiyyətin təmsilçiləri iştirak edib.

Tədbirə açılış nitqi ilə başlayan Uşak Universitetinin azərbaycanlı tələbəsi, TADEF-in Uşak şəhər təmsilçisi Ramin Seyidov Qarabağda, o cümlədən Xocalıda, Afrində həlak olan bütün şəhidləri yad edərək 26 il əvvəl Xocalıda törədilmiş vəhşiliklərdən və soyqırımından bəhs edib.

Universitetin Yeni Türkiyə, Uni Aktiv və Afrika klublarının sədrləri çıxış edərək Xocalı faciəsindən danışıb. Erməni hərbi birləşmələrinin Xocalıda törətdiyi cinayətləri barədə ilk dəfə burada eşitdiyini deyən afrikalı təmsilçi belə tədbirlərin Azərbaycan həqiqətlərinin təbliği baxımından əhəmiyyətini vurğulayıb.

Daha sonra azərbaycanlı tələbələrin panel çıxışları ilə davam edən müzakirələrdə Həsən Qarayev, Günay Quliyeva, Orxan Əkbərli ermənilərin Xocalıda törədiyi cinayətlərdən geniş bəhs ediblər. Onların tarix boyu bəzi ölkələrdə çoxsaylı cinayətlər törətdiyi iştirakçıların diqqətinə çatdırılıb.

Müzakirələrin sonunda xarici tələbələrin sualları cavablandırılıb. Müxtəlif ölkələrdən olan gənclər Azərbaycanın dünayda haqlı mövqeyindən danışaraq bu məsələdə hər zaman Uşakda yaşayan və təhsil alan azərbaycanlıların yanında olduqlarını ifadə ediblər.

***

Ukraynanın paytaxtı Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr edilmiş anım tədbiri keçirilib.

Diasporlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Ukrayna Dövlət İnformasiya Agentliyi “Ukrinform”un binasında təşkil olunan tədbirdə Ukrayna Ali Radasının deputatları, siyasi və ictimai xadimləri iştirak edib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinin azərbaycanlı sakinlərinə qarşı həyata keçirilmiş soyqırımı aktı, Ermənistanın Azərbaycan ərazisnin 20 faizini işğal etməsi və hələ də işğal altında saxlaması faktlarını iştirakçıların diqqətinə çatıdrıb.

Daha sonra Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Parlament sədri Akif Gülməmmədov, Ali Radanın millət vəkili Serqey Melniçyuk, Krım tatarları və yəhudi icmalarının nümayəndələri çıxış edərək bu faciəni törədənlərin hələ də cəzasız qalmasından narahatlıqlarını ifadə ediblər.

***

Şotlandiyada təhsil alan azərbaycanlı gənclər Aberdin şəhərinin mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı aksiya keçirib.

Diasporlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata əsasən, aksiyada azərbaycanlı tələbələrlə yanaşı, orada yaşayan digər soydaşlarımız da iştirak edib. İştirakçılar əllərində Azərbaycan bayrağı və Xocalı soyqırımını əks etdirən plakatlar tutaraq müxtəlif şüarlar səsləndiriblər.

Aksiya çərçivəsində yerli sakinlərə və qonaqlara Xocalı soyqırımı və erməni təcavüzü haqqında məlumatların əks olunduğu broşürlar paylanılıb. Onlara Azərbaycanın cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi, müharibənin nəticələri, qaçqın və köçkün problemi, eləcə də bir gecədə məhv edilən Xocalı şəhəri və onun azərbaycanlı sakinlərinin acı taleyi haqqında dolğun məlumat veriblər.

Aksiya beynəlxalq təşkilatlara və dünya dövlətlərinə ünvanlanmış müraciətin oxunması ilə başa çatıb. Müraciətdə Xocalı soyqırmının tanınması və hüquqi qiymətin verilməsi, Ermənistanın işğalçı siyasətinə son qoyulması üçün təzyiq göstərilməsi tələb edilir.

***

Özbəkistanın Qalampur.uz portalında tanınmış jurnalist, beynəlxalq mükafatlar laureatı Nargiz Kasimovanın Xocalı soyqırımı haqqında özbək dilində məqaləsi yayılıb.

Müəllif “Xocalı faciəsindən 26 il ötdü. Tarixin səhifəsində qalan qanlı günün təfsilatları” adlı məqaləsində Xocalı faciəsini Xirosima, Naqasaki, Xatın soyqırımları ilə müqayisə edir.

Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda min bir əzabla öldürülən, yaralanan və itkin düşənlər haqqında ətraflı məlumat verilir, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalıya amansız hücum edildiyi, şəhərin tamamilə dağıdıldığı və yandırıldığı bildirilir. Vurğulanır ki, həmin dəhşətli gecə uşaqlar, qadınlar, ahıllar da daxil olmaqla yüzlərlə mülki insan xüsusi qəddarlıqla qətlə yetirilib.

Məqalədə Xocalıda törədilmiş cinayətin Ermənistanın yürütdüyü sistemli və davamlı zorakılıqların tərkib hissəsi olduğu bildirilir, ermənilərin ayrı-seçkilik siyasəti apardığı qeyd olunur. Vurğulanır ki, bu da Ermənistanın təcavüzkar siyasətinin əsasını təşkil edir.

***

1992-ci il fevralın 26-da Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyində anım tədbiri keçirilib.

Tədbirdə səfir Daşqın Şikarov, Azərbaycanın Dubay şəhərində baş konsulu Cavidan Hüseynov, səfirliyin və baş konsulluğun əməkdaşları, ölkəmizin BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev, Abu-Dabi və Dubay əmirliklərində yaşayan həmvətənlərimiz iştirak ediblər.

Xocalı faciəsinin və Azərbaycanın müstəqilliyi naminə həyatlarını qurban vermiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfir Daşqın Şikarov çıxış edərək tək Azərbaycan xalqına yox, bütün bəşəriyyətə qarşı törədilmiş amansız Xocalı soyqırımı barədə danışıb. Soyqırımına siyasi-hüquqi qiymətin ilk dəfə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini bildirən səfir, Xocalı barədə həqiqətlərin dünya miqyasında yayılması məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük işlər gördüyünü bildirib. O, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində diplomatik nümayəndəliklərimiz və diaspor təşkilatlarımız tərəfindən müxtəlif tədbirlərin həyata keçirildiyini, filmlərin çəkildiyini, musiqilər bəstələndiyini və bu tədbirlər nəticəsində vəhşi təcavüzə düzgün siyasi qiymətin verilməsinə nail olunduğunu vurğulayıb. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın apardıqları xarici siyasət nəticəsində Xocalı soyqırımının bu gün İslam Əməkdaşlıq Təşkilatı, ABŞ-ın 20-dən çox ştatı, Pakistan senatı, bir çox Avropa, Asiya və Amerika qitələri ölkələri tərəfindən tanındığını, Xocalı qurbanlarına bir sıra ölkələrdə abidələrin qoyulduğunu diqqətə çatdırıb.

Sonra çıxış edənlər bu qanlı faciə barədə fikirlərini bölüşüblər. Ölkəmizin BƏƏ-də ticarət nümayəndəsi Elnur Əliyev Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycan dövlətinin, diplomatik nümayəndəliklərinin və diaspor təşkilatlarının çox işlər gördüyünü, lakin bu həqiqətlərin ilk növbədə gələcək nəsillərə çatdırılmasının, xalqımıza qarşı törədilmiş bu vəhşiliyin yaddaşlardan silinməsinə imkan verilməməsinin zəruri olduğunu bildirib, məhz bu səbəbdən belə tədbirlərə daha çox həmvətənlərimizin cəlb edilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycana qarşı təcavüz siyasəti və bunun nəticəsində ölkəmizin, xalqımızın məruz qaldığı itkilər barədə həqiqətlərin mümkün qədər çox yayılmasının siyasi baxışları və sosial vəziyyətindən asılı olmayaq hər bir azərbaycanlının Vətən qarşısında borcu olduğunu da qeyd edib.

Daha sonra BƏƏ-də yaşayan həmvətənlərimizdən iş adamı, təqaüddə olan hərbçi Adil Salmanov, Mediamost mətbuat qrupunun jurnalisti Əliheydər Rzayev, “AJ Widian” şirkətinin direktor müavini Ayaz Əliyev çıxış edərək Xocalı faciəsi və Qarabağ müharibəsi ilə bağlı təəssüratlarını paylaşıb, Vətəndən uzaqda yaşamalarına baxmayaraq, bu həqiqətlərin daim əhatə olunduqları əcnəbilərə çatdırmağa çalışdıqlarını bildirib, bütün həmvətənlərimizi xalqımızın müstəqillik və dövlətçilik dayağı olan şəhidlərimizin uğrunda canlarını qurban verdikləri həqiqətləri daha geniş coğrafiyada yaymağa çağırıblar.

Heydər Əliyev Fondu tərəfindən hazırlanan, ermənilərin Azərbaycana qarşı tarixi 200 il öncəyə gedib çıxan torpaq iddiası və təcavüz siyasətini, Qarabağ müharibəsi və Xocalı soyqırımını, şəhid jurnalist Çingiz Mustafayevin lentə aldığı, bir çox kütlələrə naməlum olan, erməni vəhşiliyinin tam açıqlığı ilə əks olunduğu kadrları əhatə edən film nümayiş etdirilib.

Sonda ehsan süfrəsi verilib.

***

Fevralın 24-də Almaniyanın paytaxtı Berlin şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən verilən məlumata görə, mərasim “Atatürkçü Düşüncə Dərnəyi”nin, ”Azərbaycan Elm işçiləri və Tələbələr Birliyi”nin, “Azərbaycan Evi”nin və “Türkiyə-Azərbaycan Birliyi”nin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri səfir Ramin Həsənov açaraq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə və işğalın ağır nəticələrinə toxunub, həmçinin ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımının xalqımızın yaddaşında dərin izlər buraxdığını bildirib. O, erməni vəhşiliyi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan hökuməti və Heydər Əliyev Fondu tərəfindən atılan addımları qeyd edib, həmçinin Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasını və onun nəticələrini xüsusilə vurğulayıb. R.Həsənov baş vermiş faciənin unundulmamasında və onun dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan və türk diasporunun üzərinə müəyyən işin düşdüyünü bildirib və diaspor nümayəndələrini bundan sonra da fəal olmağa çağırıb.

Türkiyənin Almaniyadakı səfirliyinin konsulu Muhammet Mustafa Çelik Azərbaycanın torpaqlarının işğal edilməsinin və oradakı əhalının öz yurd-yuvalarından zorla qovulmasının çox üzücü bir hal olduğunu deyib və dünyanın bir çox ölkələrinin və media qurumlarının bu acı həqiqətin üzərindən sükutla keçməsinin təəssüf doğurduğunu qeyd edib. O, baş vermiş işğal faktının dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə türk və azərbaycanlı diaspor cəmiyyətlərinin və fəallarının birgə çalışması zərurətini iştirakçıların diqqətinə çatdırıb.

”Azərbaycan Elm işçiləri və Tələbələr Birliyi”nin sədri Qurban Ələkbərov Xocalı soyqırımı ilə bağlı özünün xatirələrini bölüşüb və diaspor tərəfindən həyata keçirilən fəaliyyətdən bəhs edib.

Sonra Milli Məclisin deputatı Rövşən Rzayevin, Bundestaqın keçmiş deputatı, hazırda “Türkiyə-Azərbaycan Birliyi”nin sədri Haqqı Kəskinin və türkiyəli tarixçi-alim Kemal Arının iştirakı ilə interaktiv müzakirələr keçirilib. Müzakirə iştirakçıları Ermənsitan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və Xocalı soyqırımının başvermə səbəblərinə dair fikir mübadiləsi aparıblar.

Tədbirdə Xocalı soyqırımına dair qısametrajlı film nümayiş etdirilib.

Anım tədbrində Azərbaycan və türk diasporunun nümayəndələri, Almaniyada təhsil alan tələbələr və Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

***

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar ölkəmizin İrandakı səfirliyində anım mərasimi keçirilib.

Müqəddəs “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayan mərasimdə İran Xarici İşlər Nazirliyinin rəsmiləri, Tehranda akkreditə olunmuş diplomatik korpusun və ictimaiyyət nümayəndələri, yerli KİV-lərin təmsilçiləri iştirak ediblər.

Səfirliyin əməkdaşları fars və ingilis dillərində çıxış edərək Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Xocalıda törətdikləri qətliam, Dağlıq Qarabağda azərbaycanlılara məxsus tarixi, dini və mədəni abidələri məhv etmələri haqqında geniş məlumat veriblər.

Qeyd olunub ki, bütün beynəlxalq qanunları tapdalayan Ermənistan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qədim Azərbaycan şəhəri olan Xocalını mühasirəyə alaraq misli görünməmiş soyqırımı həyata keçiriblər. Uşaqlara, qadınlara və qocalara rəhm etməyən erməni silahlı birləşmələri 613 nəfəri xüsusi qəddarlıqla öldürüb. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idilər. Faciə zamanı 8 ailə tamamilə məhv edilib, 487 nəfər şikəst olub. Onlardan 76 nəfəri hələ yetkinlik yaşına çatmamışdı. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyindən indiyədək heç bir məlumat yoxdur.

İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin çıxış edərək Xocalı şəhidlərinə uca Allahdan rəhmət diləyib, ölkəmizdə işlədiyi müddətdə faciə barədə eşitdiklərindən və gördüklərindən danışıb. O, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasını regionun təhlükəsizliyinə və inkişafına ən böyük maneə adlandırıb. M. Pakayin İranın münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğunu deyib.

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov isə xalqımızın kədərini bölüşmək üçün mərasimə toplaşanlara minnətdarlığını ifadə edib. Səfir Azərbaycan xalqının və Xocalı sakinlərinin beynəlxalq ictimaiyyətdən Xocalı soyqırımına ədalətli hüquqi-siyasi qiymət verilməsini gözlədiklərini vurğulayıb.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanmış video və foto materiallar paylanılıb, Xocalı soyqırımı haqqında sənədli film nümayiş olunub.

***

Avstraliyanın Melburn şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın Avstraliyadakı fəxri konsulluğundan verilən məlumata görə, konsulluq tərəfindən təşkil edilən tədbirdə Melburnda yaşayan həmyerlilərimiz, ictimai xadimlər, media təmsilçiləri, şəhər sakinləri iştirak ediblər.

Xocalı soyqırımı zamanı həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda vurğulanıb ki, bu gün o qorxunc hadisənin 26-cı ildönümüdür. Bakıda bu qanlı faciənin ildönümündə minlərlə insanlar küçələrə toplaşaraq Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.

Xocalı soyqırımının Azərbaycan xalqının tarixində XX əsrin sonunda baş vermiş ən dəhşətli faciələrdən olduğu qeyd olunub, hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgə üçün ən böyük təhlükə mənbəyi olduğu bildirilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, erməni millətçiləri öz çirkin əməllərindən əl çəkməyərək təmas xəttində yenidən gərginliyi artırır, atəşkəs rejimini mütəmadi olaraq pozur.

Vurğulanıb ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının uğurlu nəticələr verib.

***

Belçikada Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Xəbərə görə, Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın Vaterlo şəhərindəki abidəsinin önündə təşkil edilən tədbirdə ölkəmizin Belçikadakı səfirliyinin və NATO yanında nümayəndəliyinin əməkdaşları, diasporumuzun təmsilçiləri iştirak ediblər.

Mərasimdə çıxış edən səfir Fuad İsgəndərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ən ağrılı faciələrindən biri olan Xocalı qətliamı haqqında söz açıb. Səfir Xocalı soyqırımını müharibə zamanı dinc əhaliyə qarşı törədilmiş ən vəhşi akt kimi dəyərləndirib. F.İsgəndərov son 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının erməni terroruna məruz qalmasına baxmayaraq, azərbaycanlıların terrora terrorla cavab vermədiyinə diqqəti yönəldib və bunun xalqımızın sülhsevərliyinin sübutu olduğunu vurğulayıb.

Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov Xocalı soyqırımının Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində törədilmiş ən böyük qətliam olduğunu diqqətə çatdırıb, şəhidlərimizin xatirəsinin xalqımızın yaddaşında əbədi olaraq yaşayacağını bildirib.

Sonda mərasim iştirakçıları Xocalı faciəsi qurbanlarına Allahdan rəhmət diləyib, abidənin önünə əklil və gül dəstələri qoyublar.

***

Moskvada, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

Məlumata görə, Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyi və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiyanın tanınmış ictimai və siyasi xadimləri, Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz, bir sıra xarici ölkələrin hərbi attaşeləri və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Anım mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xocalı soyqırımı haqqında danışıb. Səfir Xocalı faciəsinin xüsusi qəddarlıqla törədilən əsl soyqırımı olduğunu söyləyib: "Xocalı qurbanlarının bir çoxu diri-diri yandırılıb, bir çoxunun isə başını kəsiblər, gözlərini çıxarıblar, hamilə qadınların bədənləri üzərində vəhşiliklər törədilib. Bu insanları ancaq azərbaycanlı olduqlarına, Qarabağda və Xocalıda yaşadıqlarına görə qətlə yetiriblər. Bu gün biz ABŞ-da çəkilən "Qaranlıqdan qaçarkən" filmini nümayiş etdirəcəyik".

"Qaranlıqdan qaçarkən" filminin təqdimatının ilk dəfə Los Ancelesin tolerantlıq muzeyində keçirildiyini xatırladan səfir filmdə əfsanəvi hərbi jurnalist Çingiz Mustafayevin hadisə yerində çəkdiyi qətl və zorakılıq səhnələrini əks etdirən dəhşətli kadrların nümayiş etdirilmədiyini söyləyib: "Həmin kadrları görənlər onları heç vaxt unuda bilmirlər. "Qaranlıqdan qaçarkən" filmi şahidlərin müsahibələri, Amerika ictimiayyətinin nümayəndələrinin hadisələrə verdikləri hüquqi və ictimai qiymətlər əsasında çəkilib. Filmdə Xocalı faciəsi haqqında danışan erməni hüquq müdafiəçisinin etirafları da yer alıb. Ermənistan cəmiyyətində getdikcə daha çox adam Dağlıq Qarabağın və Ermənistanın o zamanki hakimiyyətinin törətdiyi bu faciəni dəhşətli səhv kimi qiymətləndirir".

P.Bülbüloğlu bu filmi Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən tanınması istiqamətində atılan mühüm bir addım kimi qiymətləndirdiyini söyləyib: "Filmin epiqrafı- "Şərin qələbə çalması üçün yeganə şərt yaxşı insanların heç nə etməməsidir" ekran əsərinin məqsədini çox aydın ifadə edir. Bu epiqraf mənə hamıya yaxşı məlum olan başqa bir ifadəni xatırlatdı- "Laqeyd insanlardan qorx! Onları susqunluğu dünyada şərin bərqərar olmasına yol açır".

Diplomat dünyanın 16 parlamentinin, eləcə də ABŞ-ın 19 ştatının Xocalı faciəsini soyqırımı aktı kimi pislədiyini xatırladıb. O, Xocalı soyqırımının dünyada tanınmasında "Xocalıya ədalət!" kampaniyasının təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətini yüksək qiymətləndirib. Səfir Leyla Əliyevaya və Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin rəhbərliyinə tədbirin keçirilməsinə görə xüsusi təşəkkürünü bildirib.

Milli Məclis Aparatının Hüquq şöbəsinin müdiri, BMT-nin cinayətkarlıq üzrə Vyana İdarəsinin eksperti, hüquq elmləri doktoru Nizami Səfərov isə çıxışında Xocalı faciəsinin beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı aktı kimi tanınmasının vacibliyini vurğulayıb: "Problemin əsas tərkib hissələrindən biri soyqırımı, hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlərə görə cəzasızlığın aradan qaldırılmasıdır. Xocalı soyqırımını törədənlərdən heç kimin məhkəmə qarşısında cavab verməməsi dünyada mövcud olan ikili standartlara daha bir nümunədir. N. Səfərov əmin olduğunu bildirib ki, ədalət zəfər çalacaq, çünki dünyada hərbi cinayətkarların müəyyən müddətdən sonra məhkəmə qarşısına çıxarılması faktları az deyil: "Azərbaycanın hüquq-mühafizə orqanları soyqırımı, hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlərlə bağlı cinayət işləri açıblar və bu sahədə bir sıra şəxslər beynəlxalq axtarışa verilib. Soyqırımına görə məsuliyyətə cəlb olunmanın müddəti yoxdur. Azərbaycan 1968-ci ildə təsis edilmiş BMT-nin hərbi cinayətlərə, bəşəriyyətə qarşı cinayətlərə və soyqırımı cinayətlərə görə məsuliyyətə cəlb olunmaya müddət tətbiq edilməməsi ilə bağlı Konvensiyanın iştirakçısıdır. Deməli, cinayətin baş vermə müddətindən asılı olmayaraq təqsirkarlar cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Əminəm ki, Xocalıda soyqırımı törətmiş bütün hərbi cinayətkarlar layiq olduqları cəzanı çəkəcəklər".

“Avrasiya ideyaları emalatxanası” Elmi Tədqiqatlar Fondunun Ekspert Şurasının sədri Qriqori Trafimçuk çıxışında 26 fevralı Azərbaycanın ən yeni tarixinin faciəvi səhifəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan 1992-ci ilin fevralın 26-na keçən gecə Xocalıda baş verən hadisələr barədə dünya ictimaiyyətinə məqsədyönlü məlumat verir. Bu faciə təkcə Xocalı sakinləri, Azərbaycan üçün deyil, həm də dünyanın bir çox xalqları üçün faciədir. Dünya ictimaiyyətinin Xocalı hadisələri ilə bağlı vahid mövqeyinin olmaması gələcəkdə bu kimi soyqırımlarının təkrarlanması üçün əsas yaradır. Azərbaycan uzun illərdir ki, Xocalı faciəsi barədə dünya ictimaiyyətini məlumatlandırır. Lakin bu sahədə hələ resurslar çoxdur. Düşürəm ki, bu resurslardan istifadə olunacaq və mən, bir ekspert kimi öz tövsiyyələrimi verməyə çalışıram. Əgər bu tövsiyələrin müəyyən hissəsi həyata keçirilərsə, biz təkcə Cənubi Qafqazda deyil, bütün postsovet məkanında təhlükəsizlik zonası yarada bilərik. "Xocalıya ədalət" olduqca mürəkkəb, çoxşaxəli aksiyadır. Bu aksiya çərçivəsində görülən işləri müsbət qiymətləndirmək olar".

Rusiya Elmlər Akademiyası Slavyanşünaslıq İnstitutunun baş elmi əməkdaşı İlqar Məmmədov bildirib ki, Xocalı faciəsini törədən cinayətkarlar Azərbaycan xalqının əzmini qıracaqlarına ümid bəsləyirdilər: "Lakin hər şey tam əksinə oldu. Xalqımız bu ağrını heç bir zaman yaddan çıxarmadı və birləşərək daha da möhkəmləndi". İsrailli kinorejissor Efraim Abramov çıxışında ölkəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinin daim ehtiramla anıldığını qeyd edib. O, iki il bundan əvvəl Yerusəlimdəki 120 yaşı olan qədim Prezident bağında Xocalı faciəsi qurbanlarının xatirəsinə 613 ağac əkildiyini xatırladıb. O vurğulayıb ki, bu, Prezident bağının çoxillik tarixi dövründə digər millətin nümayəndələrinin xatirəsinə həsr olunmuş ilk aksiyadır".

Mərasimdə Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Dmitri Savelyevin və beynəlxalq münasibətlər sahəsində İsrailli ekspert Arye Qutun müraciəti oxunub. Onlar müraciətlərində Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən soyqırımı aktı kimi tanınmasının və bu vəhşiliyi törədənlərin cinayət məsuliyyətinə cəlb olunmalarının vacibliyini vurğulayıblar.

Tədbir "Qaranlıqdan qaçarkən" filminin nümayişi ilə başa çatıb.

***

Azərbaycanın Yaponiyadakı səfirliyində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Yaponiyanın ictimai-siyasi dairələrinin, elmi mərkəzlərin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılar Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar təşkil edilən stendlə tanış olublar.

Tədbirdə çıxış edən səfir Gürsel İsmayılzadə bildirib ki, Ermənistan 1980-ci illərin sonlarından Azərbaycanın Dağlıq Qarabağ regionunda aqressiv separatizmi və dövlət səviyyəsində terrorizmi açıq şəkildə dəstəkləyərək ölkəmizə qarşı müharibəyə başlayıb və ərazilərimizin 20 faizini işğal edib. Qeyd edib ki, işğal edilən torpaqlarda və Ermənistanın öz ərazisində bir milyondan çox köklü azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən və çoxsaylı hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və soyqırımı aktları törətməsinə görə bu dövlət və onun rəhbərləri məsuliyyət daşıyır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına geri dönməsi ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər, xüsusilə BMT Təhlükəsizlik Şurasının bununla əlaqədar 4 qətnaməsi haqqında da məlumat verilib.

Qeyd olunub ki, Xocalı soyqırımı burada çoxsaylı uşaq, qadın və yaşlı insanların vəhşicəsinə öldürülməsi ilə diqqəti cəlb edir. Xocalı soyqırımının artıq 10-dan artıq ölkədə müxtəlif səviyyələrdə tanındığı, eyni zamanda, ABŞ-ın 20 ştatında Xocalı soyqırımı ilə bağlı Azərbaycana göstərilən həmrəylik haqqında da məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.

Səfir ermənilərin cəbhə bölgəsində son təxribatları barədə də tədbir iştirakçılarını məlumatlandırıb.

Sonra tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş etdirilib.

***

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistanın BMT-dəki daimi nümayəndəliyi və BMT-nin baş qərargahı qarşısında etiraz aksiyası keçiriblər.

“Nyu-York Azərbaycan-Amerika Qadınlar Cəmiyyəti” və “Azərbaycan Nyu-York Assosiasiyası”nın birgə təşkil etdiyi aksiyada Qarabağ münaqişəsinin həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər nümayiş olunub, Ermənistanın etnik təmizləmə və işğalçı siyasətinə qarşı şüarlar səslənib, baş vermiş hadisələr barədə ətraflı məlumat verilib, çıxışlar edilib və Xocalı soyqırımı haqqında ətraflı məlumatın əks olunduğu vərəqələr çap olunaraq yerli əhaliyə paylanılıb.

Bu təşkilatlarla yanaşı, etiraz aksiyalarına “Türkiyə-Amerika Assosiasiyası”, Krım tatarları cəmiyyəti, Nyu-Yorkda təhsil alan azərbaycanlı və türk tələbələr də qatılıblar.

***

Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı Azərbaycanın Belarus Respublikasındakı səfirliyi tərəfindən geniş silsilə tədbirlər keçirilib.

Belarusun Azərbaycan İcmaları Konqresi ilə birgə fevralın 18-də Vitebsk, 22-də Svetloqorsk və 24-də Qrodno şəhərlərində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım mərasimləri təşkil olunub. Vitebsk şəhərində keçirilmiş anım mərasimində Polotsk və Orşa şəhərlərində yaşayan, Svetloqorsk şəhərində keçirilmiş anım mərasimində isə Moqilyov vilayətinin Bobruysk, Qomel vilayətinin Jlobin, Soliqorsk və Kalinkoviç şəhərlərində yaşayan soydaşlarımız iştirak ediblər.

Fevralın 26-da Azərbaycanın Belarusdakı səfirliyində keçirilən anım mərasiminə Beynəlxalq Miqrasiya Təşkilatının bu ölkədəki nümayəndəsi, Türkmənistanın Belarusdakı səfiri, Ukraynanın MDB yanındakı nümayəndəliyinin rəhbəri, Belarusun Azərbaycandakı keçmiş səfiri Nikolay Patskeviç, Ukrayna səfirliyinin müşavir-elçisi, Türkiyə səfirliyinin əməkdaşları, Minskdə təhsil alan azərbaycanlı tələbələr, Belarusun Azərbaycan İcmaları Konqresinin və Minskdə fəaliyyət göstərən “Qobustan” cəmiyyətinin üzvləri qatılıblar.

Tədbir iştirakçıları əvvəlcə səfirliyin foyesində Xocalı soyqırımını əks etdirən foto-sərgi ilə tanış olublar.

Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov çıxış edərək Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tarixi kökləri, əsrlər boyu xalqımıza qarşı həyata keçirdikləri vəhşiliklər barədə məlumat verib. XX əsrin bir çox soyqırımları ilə yadda qaldığını, Xocalı soyqırımının isə öz miqyasına və amansızlığına görə ən dəhşətli faciələrdən biri olduğunu qeyd edən səfir bildirib ki, bu soyqırımı ciddi düşünülmüş, planlaşdırılmış və xüsusi qəddarlıqla həyata keçirilib. Ermənilər ümumiyyətlə tarixin çətin, dəyişən və mürəkkəb dövrlərində Azərbaycan xalqına qarşı xəyanət və cinayət yolunu tutublar. 1905-ci, 1918-ci və 1988-ci illər məhz bu cür dövrlər olub. Xocalı faciəsi Dağlıq Qarabağda ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə planı çərçivəsində Ermənistanın hazırkı rəhbərliyinin bilavasitə iştirakı ilə törədilib.

Bununla bağlı səfir Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın BBC-nin müxbiri Tom de Vala verdiyi müsahibəsindən bu sözləri sitat gətirib: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə silah qaldırmazlar. Biz bu stereotipləri qıra bildik, baş verən budur”. S.Sarkisyan təkcə bu sözlərinə görə Beynəlxalq Haaqa Məhkəməsi qarşısında cavab verməlidir. Səfir bildirib ki, haqq öz yerini tapacaq S.Sarkisyan, R.Koçaryan, S.Ohanyan və A.Qukasyan kimi cinayətkarlar tarix məhkəməsi qarşısında əməllərinə görə cavab verəcəklər.

Lətif Qəndilov qeyd edib ki, Azərbaycanda o zaman mərkəzləşmiş rəhbərliyin və idarəetmə sisteminin olmaması faciənin nəticələrini daha da ağırlaşdırıb, məsələyə vaxtında siyasi qiymət verilməyib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti tərəfindən ilk dəfə olaraq bu faciəyə siyasi qiymət verilib və 26 fevral Xocalı soyqırımı günü kimi elan edilib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı beynəlxalq təbliğatın nəticəsidir ki, dünya ictimaiyyəti Xocalı soyqırımının real miqyası, dəhşətləri ilə tanış olub və “məzlum” erməni obrazına son qoyulub. Hazırda 15-dən çox dövlətin milli qanunvericilik orqanı, ABŞ-ın 20-dən çox ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalı faciəsinin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair qətnamələr qəbul olunub. Səfir Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başladılmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-məlumatlandırma kampaniyasının böyük rolunun olduğunu bildirib.

“Xocalı soyqırımı kimi faciələrin təkrarlanmaması üçün Azərbaycan hər zaman güclü dövlətə, güclü hakimiyyətə və güclü orduya malik olmalıdır, bu gün hər üç amil ölkəmizdə mövcuddur. Bu faciəni heç vaxt unutmamalıyıq. Tarixin çox məsuliyyətli və mürəkkəb dövründə dövlətimizin başçısının ətrafında daha sıx birləşmək, milli mənafe və düşüncəni möhkəmləndirmək vacibdir. Milli varlığımız məhz bunu tələb edir”, - deyə səfir vurğulayıb.

Sonda Xocalı soyqırımına həsr olunmuş “Məhv edilmiş şəhər” sənədli filmi göstərilib və tədbir iştirakçılarına soyqırımı ilə bağlı ətraflı məlumatların əks edildiyi materiallar paylanılıb. Səfərlik tərəfindən hazırlanmış bu məlumatlar, həmçinin Belarus Xarici İşlər Nazirliyinə və digər dövlət təşkilatlarına, ölkədə fəaliyyət göstərən diplomatik korpusa, beynəlxalq təşkilatların nümayəndəliklərinə və aparıcı KİV-lərə göndərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər