Qafqaz, Rusiya və Qara dəniz bölgəsi üzrə ixtisaslaşan yazıçı və jurnalist Tomas de Valın 2010-cu ilin dekabrın 15-də Naxçıvan-Ermənistan sərhədində Ermənistanın o vaxtkı müdafiə naziri, hazırkı prezidenti Serj Sərkisyandan aldğı müsahibə bu gün də aktuallığını qoruyub saxlayır.
Qeyd edək ki, S.Sərkisyan bu müsahibə zamanı ilk dəfə olaraq Xocalı soyqırımının törədilməsində iştirakını etiraf edib. Tomas de Vaal müsahibənin S.Sərkisyanla Azərbaycanın o vaxtı müdafiə naziri Səfər Əbiyevin Naxçıvan-Ermənistan sərhədində görüşündən dərhal sonra baş tutduğunu bildirmişdi. Həcmcə xeyli geniş olan və bir sıra maraqlı detalların yer aldığı müsahibənin audioyazısı da saxlanılır.
Teleqraf.com Xocalı soyqırımının 26-cı ildönümü günündə müsahibənin Xocalı soyqırımına dair hissəsini – S.Sərkisyanın bu qırğında iştirakı ilə bağlı etiraflarını yenidən yayımlamağı zəruri hesab edir. Onu da bildirək ki, müsahibə müəllifin “Qara bağ” kitabında da dərc olunub.
Tomas de Vaal: Amma mən deyə bilərəm ki, məndə olan məlumatlara görə, 366-cı alay sizə kömək edirdi, Xocalıda sizə dəstək olub və 1992-ci ilin sentyabrında Azərbaycanın hücumunun qarşısını almaq üçün rusların yardımı olub…
Serj Sərkisyan: Mən 366-cı alayın bəzi zabitlərinin müəyyən mənada iştirakını inkar etmirəm, amma, birincisi, bu alay bizə deyil, özlərinə kömək edirdi, çünki azərbaycanlılar “Qrad”la təkcə bizə deyil, 366-cı alaya da zərbə endiriblər. Odur ki, qoy onlar öz əməlləri barədə düşünsünlər. İkincisi, 366-cı alayda çox sayda erməni zabiti var idi, onlar komandanlıqdan xəbərsiz bizə kömək edə bilərdilər. Və belə də etdilər. Qarabağ ordusunun hazırkı komandanı, general-leytenant Ohanyan (Sonradan Ermənistanın müdafiə naziri olan Seyran Ohanyan nəzərdə tutulur-S.Həmid) orada batalyon komandiri idi. O bizə necə kömək etməyə bilərdi? Amma bir, iki və ya üç zabit bizə kömək edibsə, bunun 366-cı alayla heç bir əlaqəsi yoxdur.
Tomas de Vaal: Ordunun peşəkarlaşma dərəcəsindən danışırıqsa, mən də Xocalı ilə bağlı sual vermək istəyirdim. Çünki heç kim çox sayda azərbaycanlının Xocalıdan qaçarkən həlak olduğunu və bunun Əsgəran yaxınlığındakı hansısa Qarabağ dəstələrinin işi olduğunu inkar etmir. Amma, niyə siz bunu peşəkar Qarabağ əsgərlərinin deyil, qəzəblənmiş insanların törətdiyini deyirsiniz?
Serj Sərkisyan: Bilirsiniz, belə şeylər haqqında açıq danışmırlar. Nə demək mümkündürsə, onu deyirlər. Mən də belə edəcəyəm. Birincisi, Azərbaycanın keçmiş rəhbəri deyirdi ki, bu, ermənilər deyil, azərbaycanlılar özləri idi. Amma deyim ki, həqiqət başqa ola bilər. Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı ilə idi, çünki orada OMON var idi, orada nə isə araşdırırdılar, insanları həbs edirdilər. Bundan başqa, demək olar ki, Stepanakertin tam yaxınlığında yerləşən Xocalı sakinləri oranı atəşə tutdular. Amma, zənnimcə, əsas məsələ başqa şeydədir. Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə, zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu.
Bu gənclərin arasında Bakıdan, Sumqayıtdan qaçanlar olduğunu da nəzərə almaq lazımdır. Baxmayaraq ki, mənim fikrimcə, çox şey şişirdilib. Azərbaycanlılara hər hansı yeri Sumqayıtla eyniləşdirmək üçün bəhanə lazım idi. Amma onları heç cür müqayisə etmək olmaz. Bəli, Xocalıda da həqiqətən dinc əhali var idi. Amma dinc əhali ilə birgə əsgərlər də var idi. Və güllə uçarkən dinc sakini əsgərdən fərqləndirmir, onun gözü yoxdur. Getmək üçün gözəl imkan olmasına baxmayaraq, dinc əhali orada qalırsa, deməli o da döyüş əməliyyatlarında iştirak edir...Və orada dəhliz harada isə onları güllələmək üçün qoyulmamışdı, Ağdamın girəcəyində deyil, Xocalıda da güllələmək olardı.
Tomas de Vaal: Mənə elə gəlir ki, sadəcə olaraq, siz adətən dəhliz qoyurdunuz ki...
Serj Sərkisyan: Bu, əsasən Xocalıdan sonra belə oldu. Çünki əslində bizim müharibəmiz başqalarından bir qədər fərqlənirdi. Bizdə elə alındı ki, müəyyən etnik təmizləmə gedirdi. Başqa cür ola da bilməzdi. Amma bu metodu biz düşünmədik. Bunu, Hadrut və Şuşa rayonlarından öz milislərinin köməyi ilə bizimkiləri qovarkən onlar düşündülər.
Qeyd edək ki, Tomas de Vaal Oksford Universitetində rus və müasir yunan dilləri üzrə təhsil aldıqdan sonra BBC Dünya Xidmətində çalışmağa başlayıb. Moskvada “Moscow Times”, “Times of London” və “The Econimist” qəzetlərində işləyib, Karotta Qall ilə birgə “Çeçenistan: kiçik və uğurlu müharibə”(1997) kitabını yazıb. “Qara bağ” kitabı ilk dəfə 2003-cü ildə ingilis dilində nəşr edilib, sonradan rus, erməni və Azərbaycan dillərinə tərcümə olunub. Tomas de Vaal son illərdə Böyük Britaniyanın Müharibə və Sülh İnstitutu ilə əməkdaşlıq edib. Hazırda bir sıra beynəlxalq kütləvi informasiya vasitələri, habelə BBC radiosu üçün reportajlar hazırlamağa davam edir.