Gənc fəal Bəxtiyar Hacıyev NATO-nun bu ilin sentyabr ayında Uelsdə keçiriləcək sammitinə dəvət alıb.
Bu barədə B.Hacıyevin özü Teleqraf.com-a məlumat verib. Onun sözlərinə görə, sammitdə ABŞ prezidenti Barak Obama, Almaniyanın kansleri Angela Merkel, Fransa prezidenti Fransua Oland və digər tanınmış siyasi xadimlər iştirak edəcək.
B.Hacıyev qeyd edib ki, NATO liderləri sammitdə təşkilatın gələcəyini müzakirə edəcəklər.
Gənc fəal vurğulayıb ki, sammitə Atlantik Şuranın dəstəyi ilə qatılacaq:
“Bu tədbir çərçivəsində ABŞ-da yerləşən Atlantik Şura (Atlantic Council) NATO üzv və tərəfdaş ölkələrinin gənclərindən ibarət 40 nəfərlik qrup seçib və sammit çərçivəsində “Gələcək liderlər” tədbiri keçirir. Tədbirdə əsas məqsəd gənclərin bir-biri ilə və NATO rəsmiləri ilə ünsiyyətini təşkil etmək, onların fikirlərini öyrənməkdir. Tədbirlə bağlı məlumatı mənə göndərmişdilər və iştirak üçün müraciət etmişdim. Təşkilatçıların bildirdiyinə görə, 60-dan çox ölkədən 600-dən çox müraciət edən olsa da, cəmi 40 nəfər seçilib və mən də bu seçilən şəxslər arasında Uelsə dəvət almışam”.
B.Hacıyev sammit çərçivəsində ABŞ prezidenti Barak Obama, yaxud Fransanın ölkə başçısı Fransua Ollandla təklikdə görüş imkanının olub-olmamasından da danışıb:
“Təşkilatçılar bildiriblər ki, gənclərin müxtəlif NATO üzv dövlətləri rəhbərləri və NATO rəsmiləri ilə görüşlərini keçirəcəklər, hələlik proqram müzakirə edilir. Lakin, təbii ki, bütün gənc iştirakçılar NATO üzv dövlətlərinin rəhbərləri ilə də görüşləri arzulayırlar. Düşünürəm ki, sammitin sıx proqramını və gündəlikdəki çox vacib məsələləri nəzərə alsaq, liderlərin gənclərlə təklikdə görüşü inandırıcı görünmür, çox güman ki, qrup şəklində görüşlər olacaq. Lakin qrup olaraq görüşlər olsa da, ölkəmizi narahat edən məsələləri qaldırmağa, bu barədə sual verməyə və çıxış etməyə hazıram”.
“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən ABŞ və Fransa prezidentlərinin qatıldığı görüşdə son günlər cəbhədə baş verən gərginlik barədə sual ünvanlayacaqsınızmı” sualına B.Hacıyev belə cavab verib:
“Düşünürəm ki, məsələyə daha köklü yanaşmaq lazımdır. Heç kimə sirr deyil ki, cəbhədəki gərginlik nəyə görə yaranıb və kim tərəfindən yaradılıb. Hətta Avrasiya İttifaqı İnstitutunun baş direktoru Vladimir Lepexin öz bəyanatında deyib ki, Qarabağ münaqişəsinin həll edilməsi üçün Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmalıdır. Düşünürəm ki, sadəcə son gərginlik barədə yox, ümumiyyətlə Azərbaycanın üzləşdiyi təhlükəsizlik məsələsi, ərazilərimizin işğaldan azad edilməsi və təhlükəsizliyimizin təmin edilməsi ilə bağlı müzakirə etmək lazımdır”.
Nərgiz