8 Mart 2018 09:41
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümid edirik ki, Novruz bayramı ərəfəsində əfv fərmanı veriləcək və bir çox ailələr sevinəcək.

Bu fikirləri Teleqraf.com-a hüquq müdafiəçisi Səidə Qocamanlı Novruz bayramı ərəfəsində əfv fərmanının verilib-verilməyəcəyi haqda suala cavab olaraq deyib.

Hüquq müdafiəçisi bildirib ki, 2018-ci il Azərbaycan üçün çox əhəmiyyətli ildir:

“Bu il ölkədə prezident seçkisi keçiriləcək. Üstəlik, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yaxınlaşır. Belə bir ərəfədə əfv fərmanının verilməsi öz-özlüyündə labüddür. Bu mənada hesab edirəm ki, Novruz bayramı ərəfəsində əfv fərmanı gözlənilir. Bizdə olan məlumata görə, Prezident yanında Əfv Komissiyası gərgin işləyir, onlara daxil olan müraciətlərə baxılır. Ümid edirəm ki, Novruz bayramı ərəfəsində bir çox insanlar, o cümlədən bizi və beynəlxalq qurumları narahat edən şəxslər azadlığa buraxılacaq”.

Səidə Qocamanlı deyib ki, onlar da Əfv Komissiyasına müraciət ediblər:

“Bundan başqa, biz dəfələrlə danışıb müzakirələr aparmışıq. Əfv fərmanının verilməsində hamımız maraqlıyıq. Həm hüquq müdafiəçiləri, həm dövlət strukturları. Hətta millət vəkillərindən bir neçəsi əfv fərmanı və Amnistiya Aktının qəbul edilməsi haqda danışıblar. Biz də bunu gözləyirik. Qeyd edim ki, bizim Əfv Komissiyasına təqdim etdiyimiz siyahıda 38 nəfərin adı var. Onların azadlığa buraxılmasını gözləyirik”.


Müəllif: Cavad

Oxşar xəbərlər