Avropa Parlamentində bu gün səsverməyə çıxarılacaq qanun layihəsində Türkiyəyə Afrindəki əsgərləri geri çəkmək çağırışı edilib.
Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, Suriyadakı vəziyyət haqqında Avropa Parlamentindəki siyasi qruplar tərəfindən hazırlanan ortaq qanun layihəsində Türkiyənin Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatının Suriyada qarşıdurmanı daha da şiddətləndirdiyi, həssas daxili tarazlığa və problemin həllinə mənfi təsir göstərdiyi öz əksini tapıb.
Layihədə Afrin əməliyyatında mülki şəxslərin öldüyünə dair xəbərlərin daxil olduğu vurğulanaraq rəsmi Ankaradan əməliyyatı dayandırmağı, BMT tərəfindən tanınan terror qruplaşmalarının məhvinə cəhd göstərməsi istənilir. Bildirilir ki, Suriyada yeni cəbhə açmaq Türkiyənin təhlükəsizlik maraqlarına uyğun deyil, Afrin də daxil olmaqla Suriyada atəşkəs elan olunmalıdır.
Eyni zamanda Rusiya və İran Əsəd qüvvələrinə dəstək verdiyi üçün qınanıb. Suriyada mülki insanların həlak olmasına görə məsuliyyət daşıyanların yarğılanması təklif edilib. Layihə Strasburqda Avropa Parlamentinin plenar iclasında təqdim ediləcək.