Qlobal Bakı Forum artıq ənənəyə çevrilib və dünya ictimai fikrində layiqli yer tuta bilib.
Bu sözləri Teleqraf.com-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, VI Qlobal Bakı Forumunda dünyanın 47 ölkəsindən keçmiş və indiki dövlət başçılarının, tanınmış siyasi xadimlərin, ziyalıların bir araya gələrək dünyanı narahat edən məsələləri müzakirə etməsi bəşəri problemlərin həllinə töhfə verir: “Bu forumda təkcə region deyil, ümumilikdə dünyanın çeşidli məsələləri müzakirə edilir. Problemlər hərtərəfli araşdırılır, onların həlli yolları nəzərdən keçirilir. Dünya mətbuatının diqqəti artıq bu forumun gedişatı və nəticələrinə yönəlib.
Bu, ümumilikdə dünya ictimaiyyətinin sammitidir. Belə bir tədbirin təşkil nəticəsində faktiki olaraq dünya dövlətlərinin 25 faizinin təmsilçiləri Bakıya toplanır”.
Aydın Mirzəzadə bildirib ki, forumda təkcə aktual məsələlər nəzərdən keçirilmir: “Eyni zamanda Azərbaycanın milli dövlət quruculuğu yolunda, vətəndaş cəmiyyətinin formalaşması prosesində çəkdiyi zəhmət də birbaşa müşahidə edilir. Azərbaycanın iqtisadiyyatının güclənməsində, vətəndaşların problemlərinin həllində dövlətin qayğısı bir daha diqqətə çıxır. Azərbaycan torpaqlarının işğalı, Ermənistanın ölkəmizin ərazi bütövlüyünü tanımaması məsələsi forum iştirakçıları vasitəsi ilə dünyaya çatdırılır”.
Millət vəkili bildirib ki, dünən forumda baş verən bir hadisə Azərbaycanın dövlət quruculuğunun nailiyyətini göstərdi: “İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin Ekmeləddin İhsanoğlunun ürəyində problem yaranmasından sonra ona yüksək səviyyəli tibbi yardım göstərilməsi və əməliyyat edilərək ürəyinə stend qoyulması sübut etdi ki, ölkəmizdə artıq dünya səviyyəsində səhiyyə var. Onun başqa bir ölkəyə aparılmasına, xaricdən təcrübəli həkim çağırılmasına ehtiyac qalmadı. Bunun özü Azərbaycanın qabaqcıl ölkə kimi formalşdığını bir daha göstərir”.