Biz Ermənistanla deyil, Rusiya ilə danışıqlar aparmalıyıq. Rusiyaya açıq şəkildə deməliyik, sən Azərbaycandan nə istəyirsən ki, bu məsələ həllini tapsın?!
Teleqraf.com xəbər verir ki, bu fikirləri BAXCP-nin qurultayında çıxış edən partiya sədri Qüdrət Həsənquliyev deyib.
O əlavə edib ki, əgər Rusiya bu problemin həllinə razılıq verərsə, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İttifaqının və Gömrük İttifaqınının üzvü ola bilər:
“Biz bu fikri səsləndirəndə bizi çox naşı şəkildə ittiham edirlər. Amma tərəzinin bir gözünə Azərbaycan ərazilərinin 20 faizini, digərinə bu təşkilatlara üzvlüyü qoyun, görün hansı ağır gəlir? Yox, əgər Rusiya bu siyasətini davam etdirəcəksə, biz Rusiya ilə dost-qardaş olaraq qala bilmərik”.
Q.Həsənquliyev əlavə edib ki, Rusiya ilə razılığa gələ bilməsək, Vətən müharibəsinə başlamalıyıq:
“Bu məqsədlə 60 min nəfərlik ordu quracağıq. Biz ya torpaqlarımızı azad etməli, ya da ərazilərimizin işğalı ilə barışmalıyıq”.
Partiya sədri balanslaşdırılmış siyasətindən imtina etməyə çağırıb, Qoşulmama Hərəkatı kimi təşkilatlara üzvlüyün Qarabağ münaqişəsinin həllinə aparmadığını vurğulayıb:
"Biz hakimiyyətə gəlsək, 1 il danışıqlar aparacağıq. Əgər bu danışıqlar uğursuzluqla nəticələnsə, dünya birliyinə müraciətimizi göndərəcək və istəniləın an torpaqlarımızın azadlığı əməliyyatına başlayacağımızı bildirəcəyik. Əgər xalq bizim siyasətimizi dəstəkləsə, 2020-ci ilin yayı Azərbaycan torpaqlarının işğaldan azadlığı ili olacaq".