ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının 11 aprel tarixində keçirilmiş prezident seçkilərinin nəticələri ilə əlaqədar hazırladıqları ilkin hesabat Azərbaycan xalqının iradəsinə ziddir və ikili yanaşmanın göstəricisidir.
Bu fikirləri "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə yuxarıda qeyd olunan qurumların bu gün seçkilərlə bağlı açıqladığı ilkin hesabata münasibət bildirərkən qeyd edib.
Hesabatın açıqlandığı tədbirdə iştirak etdiyini və müşahidə missiyasına öz narazılığını çatdırdığını deyən V.Rəhimzadə bildirib ki, prezident seçkilərini 1000-ə yaxın beynəlxaq müşahidəçi izləyib və onların əksəriyyəti seçkilərin azad və ədalətli keçdiyini bildirib: "Belə olan halda ATƏT tam fərqli, ikili standartlı hesabatı bizdə təəssüf doğrur. ATƏT kimi qüvvələr anti-Azərbaycan kimi qüvvələrin əlində bir vasitəyə çevrilib. Sanki hesabat əvvəlcədən hazırlanmışdı. Əslində Azərbaycan xalqının iradəsinə qarşı yönələn bu hesabat ATƏT-in özünün nüfuzunu, ədalətini kölgə altında qoyur".
Prezident seçkilərinin tam şəffaf şəraitdə keçirildiyini bildirən V.Rəhimzadə ATƏT-in yekun hesabatında korrektələr aparacağına ümidini ifadə edib: "Seçkilərin məhdud siyasi mühit şəraitdə keçməsi barədə iddianın heç bir əsası yoxdur. Namizədlərə bütün zəruri şərait yaradılmışdı. Seçkinin nəticələrini Azərbaycan xalqı müəyyənləşdirdi. Ötən gün axşam saatlarında xalqın seçkinin nəticlərini bayram etməsi, ölkədə şənlik ab-havasının olması seçkilərin xalqın iradəsini tam əks etdirdiyini ortaya qoydu".