Hələ inauqurasiyası olmayan Vladimir Putinin prezidentliyinin növbəti dönəmi çox pis başladı.
Bunu Teleqraf.com-a açıqlamasında Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Fuad Çıraqov bildirib.
O qeyd edib ki, ilin əvvəlində rus muzdlularının “Vaqner qırğını”, Kemerovada dəhşətli yanğın, ABŞ-ın rus oliqarxlarına tətbiq etdiyi yeni ünvanlı sanksiyalar və nəticədə Rusiyada maliyyə bazarının çöküşü, rublun kəskin devalvasiyası, rus oliqarxlarının bir gün ərzində 12 milyard itirməsi kimi hadisələr baş verdi. Bu günlərdə isə Rusiyanın hegemonluq etməyə çalışdığı Suriyaya ABŞ-Britaniya-Fransa koalisiyasının hava zərbəsi endirildi.
F.Çıraqov qeyd edib ki, İranda da vəziyyət qəlizdir. İqtisadi vəziyyətin ağırlaşması siyasi gərginliyi daha da artırıb:
“İlin əvvəlində küçələrdə yaşanan gərginlik parlamentə və siyasi elitaya keçib. Dollar bahalaşmaqdadır. Bir neçə gün öncə hətta dollara mərsiyə də oxuyurdular. Qeyri-standart qərar verildi, vətəndaşlara 10 mindən artıq valyuta saxlamaq qadağan edildi. Sanksiyaların yumşaldılmasından sonra ölkədə iqtisadi vəziyyət gözlənilən və hissolunacaq formada düzəlməyib. Görünən odur ki, yaxın gələcəkdə qaçılmaz olan siyasi dəyişikliklər daha da yaxınlaşmaqda və ölkədaxili siyasi gərginlik artmaqdadır. Başqa sözlə, əvvəlki dövrlərlə müqayisədə həm Rusiyanın, həm də İranın ölkədaxili siyasi və iqtisadi problemlərdən ictimaiyyətin diqqətini yayındırmaq üçün Suriya münaqişəsinə investisiya etməsi çətinləşəcək”.
F.Çıraqov əlavə edib ki, bu gərginlik nəticəsində neftin çox bahalaşacağı deyilir:
“Yəqin ki, məsələ bu günlərdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ABŞ-da olarkən ətraflı müzakirə edilib. Əsəd hakimiyyətdən uzaqlaşdırılarsa, bu, həm Putinə, həm də İrana çox ağır zərbə olacaq və onun uzunmüddətli nəticələri tamam başqa reallıqlara yol açacaq”.
Analitik əlavə edib ki, sabiq prezident Barak Obama 2013-cü ildə kimyəvi silahın tətbiqi ilə bağlı özünün qoyduğu qırmızı xətti tapdadı:
“Əksəriyyətin müdaxilənin qaçılmaz olacağını dediyi vaxtda mən müsahibələrimdə və yazılarımda Obamanın müdaxilə etməyəcəyini qeyd edirdim. Bu cür yumşaqlığına və rusların qarşısından daim geri çəkilməsinə görə ruslar ona “qorxaq Obama” deyirdilər. O vaxt Obamanın müdaxilə etməməsinin çoxsaylı obyektiv səbəbləri var idi. Digər səbəblərlə yanaşı əlavə səbəblər Vaşinqtonun Fransa və digər NATO müttəfiqlərinin geri çəkilməsi ilə bağlı idi. Öz ölkəsində üzləşdiyi təzyiqlərdən əlavə, onlar da Obamaya təzyiq etmişdilər”.