19 Aprel 2018 22:59
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti inauqurasiya mərasimində konseptual çıxış etdi. Prezident həm keçilən yola nəzər saldı, həm də gözlənilən proqramın planlarını açıqladı.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Musa Urud Prezident İlham Əliyevin inauqurasiya mərasimi zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Deputat xüsusilə, açıq dənizlərə çıxışı olmayan Azərbaycanın həyata keçirdiyi beynəlxalq və regional layihələr sayəsində Avrasiyanın nəqliyyat mərkəzinə çevrilməsinə diqqət çəkib:

“Azərbaycanın açıq dənizlərə çıxışı olmadığı halda Avrasiyanın nəqliyyat qovşağına çevrilməsi doğurdan da tarixi hadisə olmaqla yanaşı, uzaqgörən və ağıllı siyasətin bariz nümunəsidir. Bu gün Azərbaycan Uzaq Şərqlə Londonu birləşdirən qədim İpək Yolunun qovşağına çevrilib. Bu tarixi yol artıq Azərbaycan üzərindən keçir. Bakı-Tiflis-Qars dəmiryolu üzərindən dünyanın bir nöqtəsindən digər nöqtəsinə yüklər Azərbaycan vasitəsilə daşınacaq. Əgər, Azərbaycan Bakı-Tiflis-Qars dəmiryolunu çəkməsəydi, bunun məsuliyyətini üzərinə götürməsəydi, tarixi İpək Yolu da bərpa olunmazdı. Uzun illər dünyanın böyük imperiyaları olan Fransa, İngiltərə və Almaniya fars körfəzindən fin körfəzinə yol açmaq istəyiblər. Yəni cənubdan yükləri fin körfəzinə aparmaq haqqında düşünüblər. Amma onların edə bilmədiyi işi Azərbaycan bacardı, şimal-cənub dəhlizini qurdu. Artıq Azərbaycanın krediti hesabına İran Astarasında dəmiryolu qovşağı qurulur. Beləcə yaxın illərdə şimal-cənub qovşağı işə başlayacaq və yüklər fars körfəzindən uzaq Finlandiyaya qədər gedib çıxa biləcək. Bu, böyük və tarixi layihədir. Həm də, ancaq Azərbaycanın özü üçün deyil, region dövlətləri üçün də uğurlu layihədir. BTQ dəmiryolu açıldıqdan sonra Qazaxıstan, Özbəkistan, Türkmənistan, Pakistan və Əfqanıstan bu yola qoşulmağa can atır, uyğun müqavilələr imzalayır. Digər tərəfdən, Ələtdə böyük dəniz limanı inşa edilir, Ələt İqtisadi Zonası yaradılır. Dünyanın böyük şirkət və biznesmenləri gəlib burada iş quracaq, dünyaya öz mallarını idxal edəcək. Azərbaycan buradan vergi pulu əldə edəcək, yeni iş yerlərinin açılmasına nail olacaq, istehsalat artacaq və s. Prezident məhz buna görə qeyd etdi ki, əgər açıq dənizlərə çıxışı olmayan Azərbaycan bu işləri görə bilirsə, bu, doğurdan dövlət qüdrətinin göstəricisidir”.

Deputat əlavə edib ki, belə böyük bir layihə Azərbaycanın və şəxsən prezidentin ideyası olub:

“Şübhəsiz ki, bu, tarixə Azərbaycan ideyası kimi öz damğasını vuracaq”.

Musa Urud əlavə edib ki, Azərbaycan inkişaf etməklə yanaşı, prezidentin siyasi iradəsi nəticəsində müasir texnologiyalardan istifadə və tətbiq etmək istiqamətində irəliyə addımlar atır:

“Bu da, ilk növbədə dövlətin gücünün göstəricisidir. İntellektual və elmi potensialı olmayan, bu ideyaları həyata keçirməyə vəsaiti olmayan dövlət, bunu edə bilməz. Baxın, qonşu dövlətlər niyə bunu edə bilmir? Azərbaycan kosmos klubunun üzvüdür. Dünyada 10-15 belə ölkə var. Bu, həm xalqın mədəniyyət, intellekt göstəricisi, həm dövlət başçısının böyük siyasi iradəsinin göstəricisidir, həm də bundan ölkəyə ildə 100 milyonlarla dollar vəsait gəlir. İllər əvvəl bizim peykimiz olmadığından başqa dövlətlərə pul verirdik ki, onların peykindən istifadə edək. İndi Azərbaycan öz peyklərindən istifadə edərək başqa dövlətlərə xidmətlər göstərməklə vəsait qazanır. Üçüncü peykimiz də səmaya qalxacaq. Bu da, dövlətin gücünün göstəricisidir. Gələcək illərdə isə biz müasir texnologiyalara sahib olmaqla yeni innovativ addımlarla ölkənin gücünü daha da artıracağıq. Azərbaycan tarixən neft-qaz ölkəsi olaraq tanınır, amma son illər prezidentin atdığı addımlar göstərdi ki, Azərbaycan heç də neftdən asılı dövlət deyil”.


Müəllif: Cavad

Oxşar xəbərlər