Serj Sərkisyanın baş nazir vəzifəsindən istefa verməsi Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyinin yumşalmasına səbəb olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Millət vəkili qeyd edib ki, hərbi xuntadan yaxasını qurtaran erməni xalqı öz hakimiyətini formalaşdırmaq imkanı qazanıb:
"Düşünürəm ki, Ermənistanda baş nazir təyinatı bir neçə ay çəkəcək. Məsələ ondadır ki, artıq hərbçilər də xalqın tərəfinə keçdi və çox qorxulu bir vəziyyət yarandı. Əgər əvvəllər Sərkisyan hərbçilərlə birlikdə azərbaycanlılara qarşı qırğın törədirdisə, indi həmin hərbçilər Sərkisyanın korrupsiyasından, yardımları, ianələri mənimsəyib öz adamları arasında bölüşdürməyindən bezdi. Sərkisyanın hakimyyətdən uzaqlaşdırılmasının səbəblərindən biri də qonşularla pis münasibəti üzündən ölkə iqtisadiyyatını məhvə aparması oldu. Əhali ölkəni tərk edir, Ermənistan cəmiyyəti acınacaqlı vəziyyətə düşüb. Sərkisyan özünü "Qarabağ qəhrəmanı" sayırdı, xalq isə onu yıxdı".
Deputat Ermənistanda yeni hakimiyyətin daha konstruktiv olacağına ümid etdiyini bildirib:
"Ermənistanın dalana dirənməsi, onun iqtisadiyyatının hər cəhətdən sarsılması və sair məsələlər diktə edir ki, yeni hakimiyyət Qarabağ məsələsində müəyyən yumşaqlıq nümayiş etdirsin. Artıq Ermənistanda qonşu dövlətlərlə normal münasibət qurmaq təbliğatı gedir. Ermənistan cəmiyyəti bu klandan qurtulmaq istəyir".
Xatırladaq ki, aprelin 13-dən Yerevanda sabiq prezident S.Sərkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları başlayıb. Aprelin 23-də S.Sərkisyan istefa verdiyini açıqlayıb.