8 İyun 2018 21:18
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Ramazan ayı münasibətilə iftar mərasimindəki çıxışında Ermənistana verdiyi mesajı müsbət dəyərləndirirəm, amma Paşinyan bundan nəticə çıxaracaq potensialda deyil. Onun hələ nə qədər baş nazir qalacağı şübhə doğurur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı, Milli Məclisin Xankəndindən seçilən deputatı Flora Qasımova deyib.

Millət vəkilinin fikrincə, Nikol Paşinyan elə fiqur deyil ki, məsələni öz istəyi ilə həll eləsin: “Cənab prezident hələ ki silaha əl atmaq istəmir, həqiqətən müharibə ağırdır, aprel hadisələri zamanı hər kəs üzülmüşdü. İllərdir sülh danışıqları aparırıq, amma qənaətimə görə, yekun nəticədə müharibə olmadan o torpaqları qaytara bilməyəcəyik. Ermənistan 200 ildir “böyük Ermənistan” xülyasındadır, bizim torpaqlarımızı əldən vermək istəmir. Nə qədər ki onlara təzyiq göstərilmir, onlar da geri çəkilmirlər.

Əvvəllər Dağlıq Qarabağı istəyirdilər, indi ətraf rayonlarımızı da özünküləşdirirlər, xaricdən erməniləri gətirib məskunlaşdırırlar. Orada tikinti aparırlar, öz torpaqları kimi istifadə edirlər, təbii sərvətlərimiz talanır, neçə illərdir var-dövlətimizi daşıyırlar. İllərdir dözürük ki, bəlkə ağılları başlarına gələ, amma inanmıram ki, Paşinyan Qarabağ məsələsini həll etsin.

Paşinyan Qarabağ məsələsi ilə bağlı əhalinin narazı qalmamasına çalışır. Dağlıq Qarabağın yerli əhalisi gərək fikirləşsin ki, illərdir heç nə dəyişmir, bu hakimiyyətin əlindən nələr çəkirlər, nəticə göz qabağındadır. Cənab prezident İlham Əliyev də çıxışında söylədi ki, əvvəlki hakimiyyəti qaniçən, kriminal, quldur rejim adlandırmışam, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur, mən dediklərimi indi erməni xalqı deyir. Doğrudan da bu ölkəni cinayətkarlar, terroristlər idarə edib”.

Flora Qasımova vurğulayıb ki, Dağlıq Qarabağın yerli əhalisi barışıq istəsə də, Ermənistanın arxasında duran qüvvələr buna imkan verməz: “Müharibə təkcə Ermənistanın məsələsi deyil, axı rəsmi İrəvan böyük dövlətlərin əlində oyuncaqdır. SSRİ-ni dağıtmaq üçün Ermənistandan istifadə elədilər. Rusiyanın hərbi bazası orada yerləşir, Qərb öz tərəfinə çəkmək istəyir, Ermənistanı öz tərəfinə çəkəndə də tələb edəcəklər ki, rus ordusu çıxsın, Rusiya da buna getməyəcək axı, onda Cənubi Qafqazı itirəcək. Hərdən yazırlar ki, Ermənistan Rusiyaya bu qədərmi vacibdir? Əlbəttə, vacibdir, ermənini neyləyirlər, ordunu orada saxlamaq üçün Ermənistan onlara lazımdır. Ordu da aydın məsələdir ki, kimə qarşıdır”.


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər