Səyyar ASAN xidmət 18 may – 14 iyun Ağcabədi şəhərində, 24 may – 22 iyun Salyan şəhərində, 29 may - 27 iyun Xudat şəhərində, 30 may - 28 iyun Qazax şəhərində, 30 may –13 iyun Mərdəkan qəsəbəsində, 4 – 13 iyun Göytəpə şəhərində, 4 – 14 iyun Aşağı Ağcakənd qəsəbəsində, 4 iyun – 3 iyul Qax şəhərində, 11 – 20 iyun Pirəkəşkül qəsəbəsində, 12 – 21 iyun Horadiz şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Bu barədə Teleqraf.com.-a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar (ASAN) üzrə Dövlət Agentliyindən məlumat verilib.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi daxildir.
Bundan başqa vətəndaşlar mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi kimi xidmətlərdən də yararlana bilərlər.