13 İyun 2018 15:24
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trans-Anadolu Təbii Qaz Kəmərinin (TANAP) açılışının təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün dünya üçün böyük əhəmiyyəti var. Bu xəttin işə düşməsi ilə Avropanın enerji təhlükəsizliyi daha da möhkəmlənir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, Avropa böyük bazardır, burda hər bir ölkə üçün yer var:

“Ancaq Avropa hər ölkəni öz bazarına buraxmır. İlk növbədə həmin ölkənin siyasi sabitliyi, Avropa dəyərlərinə bağlılığı və həyata keçirdiyi layihənin uzun müddət stabil fəaliyyət göstərəcəyinin zəmanəti olmalıdır. Azərbaycan bu tələblərə cavab verir. Azərbaycan növbəti dəfə qarşısına qoyduğu vəzifəni yerinə yetirmək iqtidarında olduğunu göstərdi”.

TANAP layihəsinin açılış mərasimində Prezident İlham Əliyevin etdiyi çıxışa münasibət bildirən A.Mirzəzadə qeyd edib ki, bu layihənin icrası Azərbaycan-Türkiyə əməkdaşlığı sayəsində mümkün olub:

“Prezident haqlı olaraq qeyd etdi ki, TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Azərbaycan və Türkiyənin növbəti zəfəridir və tarixi layihədir. Türkiyə və Azərbaycan bu gün XXI əsrin enerji tarixini birlikdə yazır. Bu, onu göstərir ki, Azərbaycan və Türkiyənin təşəbbüsü ilə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və iki ölkənin qardaşlığı dayanır”.

Deputat əlavə edib ki Cənub Qaz Dəhlizi Avrasiya məkanında yeni əməkdaşlıq və işbirliyi formatını təşkil edir:

“Əgər bir vaxtlar Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yaranmışdırsa, həyata keçirilən layihələr bu 3 ölkəni əhatə edirdisə, hazırda layihə 10 ölkəni əhatə edir. Belə ki, faktiki olaraq yeddi ölkə bu layihənin iştirakçısıdır, daha üç ölkə isə gələcək tərəfdaşlar kimi layihədə iştirak edəcək. Bu, yüz minlərlə yeni iş yerinin yaradılması, həmin ölkələrdə siyasi sabitliyin olması, büdcəyə daxilolmalar, ən əsası isə mehriban qonşuluq münasibətlərinin formalaşması deməkdir. Azərbaycan eyni zamanda öz fəaliyyəti ilə regionda sülhün, sabitliyin səbəbkarı olduğunu bir daha ortaya qoydu. TANAP layihəsi ilk növbədə Azərbaycan dövlətçiliyinin uğurudur”.


Müəllif: Səxavət Həmid