Azərbaycan dövləti İrana qarşı həddindən artıq təmkinli davranır. Bizim ictimai rəydə də, İrana qarşı aqressiya yoxdur.
İranda Güney Azərbaycandan olan milli fəalların həbs edilməsi ilə bağlı Teleqraf.com-a danışan “Yeddi Dövlət – Bir Millət” Konseyinin başqanı Azər Həsrət belə deyib.
İran Azərbaycanın bu xoş niyyətinin anlayacaq dövlət olmadığını deyən Azər Həsrət qeyd edib ki, İranı idarə edənlərin təfəkkürü Azərbaycan və bu ölkədə yaşayan insanların onlara qarşı olan loyal davranışlarını qiymətləndirmək səviyyəsində deyil:
“Amma İran hələ də, Azərbaycanın bir hissəsini öz əsarəti altında saxlayır. Halbuki biz buna görə, İrana qarşı üsyanda olmalıyıq, amma təmkinli davranırıq. Görünən isə budur ki, İranı idarə edən həmin adamlar bunu başa düşmürlər.
Buna görə də, bu məsələ ilə mübarizəni ilk növbədə Azərbaycan Respublikasının adını dəyişdirilməsindən başlamaq lazımdır. Əgər bir ölkənin güneyi və quzeyi varsa, niyə Azərbaycan Respublikasının adını dəyişdirib Quzey Azərbaycan Respublikası qoymayaq? Hər addımda İrana diktə olunmalı və başa salınmalıdır ki, o bizim torpaqlarımızın bir hissəsini öz əsarət altında saxlayır və o torpaqlarda yaşayan soydaşlarımıza qarşı repressiyalar həyata keçirir. Bu məsələni qlobal səviyyədə gündəmə gətirməliyik. İlk növbədə Azərbaycanın adı dəyişdirilməli və bu məsələnin birdəfəlik həlli üçün digər konkret addımlar atılmalıdır. Əks halda, İran hakimiyyətindən Güney Azərbaycanda yaşayan soydaşlarımıza normal münasibət gözləməyə dəyməz”.