Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar ABŞ-ın tarixi şəhərlərindən olan Filadelfiyanın ən məşhur tarixi məkanı – şəhər meriyasının binası qarşısında Azərbaycanın dövlət bayrağının ucaldılıması mərasimi keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbir Pensilvaniya ştatında yaşayan Azərbaycan icmasının fəalları və Filadelfiya şəhər meriyasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycan icması, Filadelfiya şəhər meriyası və Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndələri iştirak edib.
Amerika Azərbaycan Cəmiyyətinin rəhbəri Tomris Azəri çıxış edərək AXC-in yaranma tarixi barədə məlumat verib.
Filadelfiya merinin köməkçisi Şila Hass tarixi gün münasibətilə Pensilvaniya ştatında yaşayan Azərbaycan icmasının nümayəndələrini təbrik edib və Filadelfiya meri Cim Kenni tərəfindən 28 may 2018-ci il tarixinin Filadelfiya şəhərində Azərbaycan Xalq Cumhuriyyəti günü elan edilməsi barədə bəyannaməni tədbir iştırakçılarının diqqətinə çatdırıb.