15 İyun 2018 00:14
1 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 15 və 16-da Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci ilindən qeyd olunmağa başlanıb.

Ramazan ayı insanlara Allah yolunda öz iradələrini, dözümlərini yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bütün bunlar orucla ifadə olunur.

Oruc ibadəti mənəvi saflığa, tibbi cəhətdən sağlam olmağa, pis vərdişlərdən uzaq durmağa və Allah yolunda xeyirxah işlər görməyə səbəb olur. İlahi dərgaha edilən həmd-sənanın açarı olan orucun sayəsində insan aclığa, susuzluğa tab gətirərək nəfsani istəklərinə qalib gəlir.

Oruc səbrin və mənəviyyatın imtahanı, xeyirxah niyyətlərin ən uyğun formasıdır. Bu ayda uşaq evlərinə, ehtiyacı olanlara, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək Qadir Allahın nəzərində bəyənilən əməllərdəndir. İlahi rəhmətin bol olduğu Ramazani-şərifdə ən böyük savab Qurani-Kərimi tilavət etmək, qohum-əqrəbaya baş çəkmək, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm və fəzilət sahiblərinə ehtiram göstərmək, insanlar arasında ünsiyyət, dostluq və qarşılıqlı hörməti təbliğ etməkdir.

Qurani-Kərimin nazil edildiyi Qədr gecələrinin olduğu, günahların silindiyi və savabların ikiqat artdığı Ramazan ayında oruc tutmaq Uca Yaradan tərəfindən bütün müsəlmanlara vacib edilib. Bəşərin hidayət rəhbəri olan müqəddəs kitabımızda bu İlahi əmr barədə belə buyurulur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya(Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutsunlar” (“Bəqərə”, 185). Orucun fəzilətlərindən bəhs edən Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Oruc (insanı) cəhənnəm odundan qoruyan bir qalxandır”.

Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Deyilənlərə görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib. Bu gecə "leylətül-qədr" - qüdrətli, əzəmətli gecə adlanır. Quranda (97:1-5) bu gecə haqqında belə yazılır: "Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbimin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə (yerə) enirlər. O gecə sübh açılanadək əmin-amanlıq olur".

Orucluqda günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad arasında cinsi yaxınlıq və s. olmaz. Oruc tutmaqdan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, yolçular (səyyahlar) azad olunurlar. Orucluq Ramazan ayında təzə Ay çıxandan başlayır və 29-30 gün davam edir. Quranda (2:187) deyilir: "...Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın".

Orucluq İslamdan əvvəl də mövcud idi. Bu barədə Quranda (2:183) qeyd olunur: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz".

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsi sayılır və imkanı olan müsəlman ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyaclı ailələrə verməyə mükəlləfdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

BAYRAMINIZ MÜBARƏK!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər