Bu gün Milli Məclis sədrinin müavini, ATƏT-dəki daimi nümayəndə heyətinin rəhbəri Bahar Muradova ölkəmizdə səfərdə olan ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrindən ibarət heyətlə görüşüb.
Teleqraf.com xəbər verir ki, Bahar Muradova bu səfərin ATƏT və onun institutlarının regionda gedən prosesləri dərindən öyrənməsi üçün əhəmiyyətli olduğunu qeyd edib. O, bildirib ki, bu cür səfərlər bölgədəki prosesləri təhlil etmək və ölkələrin mövqelərini müəyyənləşdirmək, qurumun siyasətinin prioritet istiqamətlərini daha dəqiq formalaşdırmaq işinə öz töhfəsini verəcək.
Vitse-spiker bu il Azərbaycanda Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edildiyini vurğulayıb.
B. Muradova əlavə edib ki, Azərbaycan heç bir təhlükəsizlik alyansına, hərbi bloka üzv olmayan ölkədir. Odur ki, bizim həm ATƏT-lə, həm də digər ölkələrlə münasibətdə siyasətimiz müəyyən kriteriyalara əsaslanır. Azərbaycan hesab edir ki, Avropa təhlükəsizlik arxitekturası hazırda növbəti krizis dövrünü yaşayır. Bu həm Avropanın özündə, həm də digər regionlarda baş verən hadisələr nəticəsində meydana gəlib.
Azərbaycanın ATƏT-lə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayan Bahar Muradova deyib ki, ölkəmizin Parlament Assambleyasında fəaliyyət göstərən daimi nümayəndələri var. Ölkəmiz bu nümayəndə heyəti ilə birlikdə ATƏT Parlament Assambleyasının ümumi prioritetlərinin formalaşmasında və siyasətinin həyata keçirilməsində iştirak edir.
Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lakan səfər çərçivəsində görüşdə 20-dən çox səfirin iştirak etdiyini deyib. Cənubi Qafqaza səfər zamanı hökumət nümayəndələri, Baş nazir, vətəndaş cəmiyyəti üzvləri ilə görüşlərin nəzərdə tutulduğunu bildirib. Xanım qonaq deyib ki, Azərbaycan ATƏT dəyərlərinin təşviqi üçün vacib üzvdür. Qurum Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
İtaliyanın ATƏT yanında daimi nümayəndəsi, Daimi Şuranın sədri Allessandro Azzoni Avropada təhlükəsizlik arxitekturasının böhran yaşadığını deyib. O, qarşılıqlı təcrübə mübadiləsi üçün dialoqların qurulmasının vacibliyini vurğulayib. Bildirib ki, bu səfər Azərbaycanla ATƏT arasında əməkdaşlığın genişləndirilməsinə böyük töhfə olacaq.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəblərindən, bunun ölkəmiz üçün ağır nəticələrindən söhbət açılıb. Qeyd olunub ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. Bu təcavüz nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma ocağında qaçqın və məcbur köçkünə çevrilib. Bu insanların yaşayış şəraitinin yaxşılaşdırılması üçün hökumət tərəfindən lazımi işlər görülsə də, onlar öz doğma evlərinin həsrətini çəkirlər.