Mərhum Prezident Əbülfəz Elçibəyin 80 illik yubileyi münasibətilə keçirilən yazı müsabiqəsi ətrafında yaranan mübahisələrə Elçibəyin köməkçisi Oqtay Qasımov aydınlıq gətirib. Teleqraf.com onunla müsahibəni təqdim edir:
- Oqtay bəy, Elçibəyin 80 illlik yubileyi ilə bağlı hansı tədbirlər keçirildi?
- Əbülfəz Elçibəyin 80 illik yubileyinin keçirilməsi ilə əlaqədar hələ fevral ayından bir sıra tanınmış ziyalılar və ictimai xadimlərə, ölkədə fəaliyyət göstərən ictimai-siyasi təşkilatlara təşkilat komitəsinin yaradılması barədə müraciət olunmuşdu. Aprelin 20-də “Elçibəy – 80” İctimai Təşkilat Komitəsi yaradıldı və ondan sonrakı dövrdə yubiley tədbirləri və görüləcək işlər bilavasitə işçi qrupuna tapşırıldı. Bu müddət ərzində bir sıra tədbirlər baş tutdu, Elçibəylə bağlı yazı müsabiqəsinin təşkili, əsərlərinin yenidən çapı məsələləri həyata keçirildi.
İyunun 22-də Əbülfəz Elçibəyin “İstiqlal, hürriyyət və bütövlük strategiyası” adlı kitabı nəşr edildi. Bundan başqa həmin kitabın elektron versiyasını hazırladıq, döş nişanları və digər məsələlər həll olundu. Yubileyin Sarayda keçirilməsini istəsək də, təəssüf ki, geniş salonun tutulması məsələsində müəyyən sıxıntılar yaşadıq. Sonda tədbirin Beynəlxalq Mətbuat Mərkəzinin böyük zalında keçirilməsinə nail olduq. Həmin zal 250 nəfərlik tutuma malik olsa da, tədbirə daha çox insan gəlmişdi, xeyli sayda insan ayaq üstə dayanmışdı, pilləkəndə, həyət insanlar dolu idi, hətta aralıq müddətdə Mətbuat prospektində tıxac belə yarandı.
Yüksək səviyyədə tədbir keçirildi. Həm də Əbülfəz Elçibəyin doğulduğu Kələki kəndində dünən bayram tədbiri oldu. Təşkilat komitəsinin qərarı ilə saat 10:30-da Əbülfəz bəyin Fəxri Xiyabanda məzarını ziyarət elədik. Yazı müsabiqəsinin qaliblərinin bir hissəsinin mükafatı təqdim olunmamışdı, həmin şəxslərə mükafatı orada verdik. 1-ci, 2-ci və 3-cü yerləri tutanlara diplomla yanaşı pul mükafatı da verildi, fəal iştirakına və nəticə üzrə sıralamadakı digər 10 nəfərə həvəsləndirici mükafat təqdim olundu. Həmin şəxslər tədbirə qatıla bilmədi deyə Fəxri Xiyabanda mükafatlandırıldılar.
- Yazı müsabiqəsi ilə bağlı geniş müzakirələr gedir, münsiflər ədalətsizlikdə suçlanır, ittihamlar səslənir ki, vaxtilə Elçibəyi söyənlərə indi mükafat verilir. Bu müzakirələrə münasibətiniz necədir?
- Bu müzakirələri yersiz hesab edirəm. Münsiflər Heyətinə və Təşkilat Komitəsinə haqsızlıq edilir. Bir neçə şəxs üzrlü səbəblərə görə ölkədə olmadığına və fiziki imkanlara görə bildirmişdilər ki, münsif üzv kimi iştirak edə bilməyəcəklər. Amma 8 münsif zəhmət çəkib 44 yazını oxuyub qiymətləndirib. Hesablama aparılıb nəticə əsasında yerlər müəyyən olunub. O ki qaldı haqsızlıq olduğuna dair səslənənlərə və bir zamanlar Elçibəyin əleyhinə olmuş adamların mükafat almasına, bu fikirlərə hörmətlə yanaşmaq lazımdır. Biz yazı müsabiqəsini elan edəndə ilk gündən prinsip ondan ibarət oldu ki, siyasi baxışlarından, dünyagörüşündən asılı olmayaraq, ən yaxşı yazı dəyərini alacaq.
Əgər biz siyasi baxımdan yanaşsaydıq və kiminsə zamanında Elçibəyə qarşı doğru mövqe tutmadığına dair prizmadan yanaşsaydıq, onda da əleyhimizə əks arqumentlər olacaqdı. Hesab elədik ki, Elçibəy özü bu cür məsələlərə kifayət qədər açıq və tolerant münasibət bəsləyib. Ona görə də onunla bağlı yazı müsabiqəsində hər kəs iştirak edə, yazısının çəkisinə və dəyərinə görə də yer tuta bilər. Zənnimcə, kifayət qədər ədalətli yarışma və seçim oldu.
- Təşkilat Komitəsinin təmsilçilərindən olan Mehriban Vəzir də etiraz edir ki, mənəvi haqq məsələsi var, bəzi insanlar vaxtilə ona böhtan ataraq pul qazanırdısa, indi də tərifləyib, etiraf edib pul qazanır...
- Bu məsələyə Əbülfəz bəyin öz ifadəsi ilə cavab vermək istəyirəm. Özünün sağlığında bir nəfər yaxınlaşıb bildirmişdi ki, filan jurnalist sizin əleyhinizə yazır. Çox sakit cavab vermişdi ki, nə olar, lap yaxşı, bir adam mənim əleyhimə yazıb evinə, uşağına çörək aparırsa, mane olmayın. Mehriban xanım mənəvi məsələni önə çəkir, işlərinin çoxluğunu əsas gətirib xahiş elədi ki, yazıların qiymətləndirilmə prosesində iştirak etməsin. Kaş özü münsiflər heyətinin işində iştirak edib fikirlərini orada deyəydi, bəlkə də nəticə başqa cür olardı, onun fikirləri qəbul olunardı. İlk zamandan bu müsabiqənin prinsiplərini müəyyən edəndə kiminsə nə zamansa hansı mövqedə olmasını əsas götürmədik.
Yarışmada təbii ki, razı qalanlar da, narazı qalanlar da olacaq. İşin təşkilində müəyyən qüsurlarımız ola bilər, amma qiymətləndirmə və səslərin hesablanması çox ədalətli və şəffaf şəkildə keçirilib və kimsə onu şübhə altına ala bilməz.
- Yazıların mediada yayıldığı halda kodlaşmış şəkildə anonim qaydada münsifə təqdimatı ilə bağlı da narazılıqlar var.
- Bəli, bəzi yazılar mediada yayımlanmışdı, mən özüm də sonradan Mehriban xanımın əvəzinə münsif təyin olundum, bizə oxunmaq üçün verilən 44 yazının hamısı kodlaşdırılmışdı. Düşünmürəm ki, içi mən daxil hansısa münsif götürüb bunu araşdırsın və yazı müəllifinin şəxsiyyətinə qiymət versin Birinci yerin qalibi Ləman Ələşrəfqızı vaxtilə Əbülfəz bəylə bağlı tənqidi fikirlər səsləndirsə də, onun yazısına müəllifin kim olduğunu bilmədən yüksək qiymət vermişəm, yazının motivi və peşəkarlıqla qələmə alınması xoşuma gəlmişdi.
- Sirr deyilsə, bütünlükdə tədbirlərin təşkilinə nə qədər vəsait xərcləndi? Ümumilikdə mükafat fondu necə təşkil edilmişdi?
- Xərclənən vəsaitin məbləğini açıqlamaq istəmirəm, mükafat fondu Təşkilat Komitəsinin üzvlərinin vəsaiti hesabına formalaşmışdı.
- Tədbirlərə dəvətlilər hansı prinsiplə seçilirdi? Məsələn, sosial şəbəkələrdəki müzakirələrdə qeyd olunur ki, vaxtilə Elçibəyin komandasında olub ona xəyanət edənlər, eləcə də həbsinə sanksiya vermiş şəxs başda oturur...
- Məsələyə o cür baxmadıq, bayaq dediyim prizmalar üzərində dayandıq, dedik, Elçibəyin 80 illik yubileyidir, bütün um-küsüləri kənara qoyaq və fərqli düşüncəsi olan insanlar bir araya gəlsin. Təşəbbüs qrupu adından Elçibəyin 80 illik yubileyi ilə bağlı fərq qoymadan ictimai-siyasti təşkilatlara çağırış etmişdik. Bu çağırışa İxtiyar Şirin də qoşuldu.
O, həm də bir partiya sədridir, Təşkilat Komitəsinin işinə də aktiv qatılmışdı. Ümumilikdə dəvətlilər barədə başqa bir məna axtarmağın tərəfdarı deyiləm. Necə ki Əbülfəz Elçibəy 1999-cu ildə Milli İstiqlal Partiyasının qərargahında keçirilən tədbirdə bir vaxtlar onun əleyhinə getmiş, öz mətbuat orqanlarında onu təhqir eləmiş, valideynləri haqda etikadan kənar sözlər söyləmiş və milli mənsubiyyətini şübhə altına atan bir şəxslə milli mənafe naminə bir masa arxasında oturmuşdu, biz o davranışı örnək götürmək istədik və təşəbbüs qrupunun çağırışı əsasında təşkilat komitəsi formalaşdı, insanlar da tədbirdə iştirak elədi.
- Kələkidəki ənənəvi tədbirdə, adətən, xüsusi dəvət olmur.
- Bəli, Kələkidə ənənə formalaşıb, hər il iyunun 24-də keçirilən tədbirə Naxçıvanın müxtəlif bölgələrindən, əsasən Ordubad şəhərinin özü və kəndlərindən insanlar, eləcə də könüllülük əsasında Bakıdan insanlar qatılır. Oradakı tədbirlər də “Elçibəy – 80” İctimai Təşkilat Komitəsinin himayəsi ilə keçirildi. Həm oradakı, həm Bakıdakı, eyni zamanda Türkiyə, Avropa və Rusiyadakı tədbirləri Bakıdan koordinasiya edə bildik.