26 İyun 2018 14:09
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-Yorkda yerləşən “Eurasianet.org” portalında 22 iyun tarixində dərc olunan “Müharibənin kölgəsində: Ermənistanın müdafiə dəhlizində həyat” adlı məqalədə Zəngəzur regionunun tarixi, ermənilər tərəfindən həmin ərazidə törədilən qırğınlar, Qaragen Njdenin əməlləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri təhrif olunmuş formada təqdim olunub.

Teleqraf.com xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bununla əlaqədar sözügedən portalda cavab məqaləsi ilə çıxıb edib.

H.Hacıyev məqalədə bildirib:

“Sizin yazı Ermənistan və Azərbaycan arasında münaqişədə yalnız bir tərəfin mövqeyini əks etdirir və Zəngəzur regionu ilə əlaqədar obyektiv tarixi məlumatı təmin etmir. Təəssüf hissi ilə qeyd etməliyəm ki, müəlliflər Zəngəzurda köklü azərbaycanlı-müsəlman əhaliyə qarşı törədilmiş qırğınların üzərindən sükutla keçirlər. Mən həmçinin, müəlliflərin Qaregin Njdenin şəxsiyyəti ilə bağlı təsvirləri ilə tamamilə narazıyam”.

XİN rəsmisi Azərbaycanın Dövlət Arxivində Azərbaycan Xalq Cümhuriyyətinin təsis etdiyi Föqəladə İstintaq Komissiyasının 1918-1920-ci illərdə Qaregin Njde və digərlərinin rəhbərliyi altında erməni hərbi birləşmələrinin Zəngəzurda törətdikləri qırğınlar barədə çoxsaylı sənədlərinin olduğunu yazıb. O həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin mülki azərbaycanlılara qarşı törədilən bu kütləvi qırğınların dayandırılması üçün Qafqazdakı Britaniya hərbi qüvvələrinin rəhbərliyinə demarş göndərdiyini də qeyd edib.

H.Hacıyev AXC Fövqəladə İstintaq Komissiyasının sənədlərinə görə Qaregin Njdenin əməlləri nəticəsində Zəngəzur regionunda 10 min nəfərdən artıq mülki azərbaycanlının öldürüldüyünü, 115 Azərbaycan kəndinin isə yerlə-yeksan edildiyini, Zəngəzurla bərabər Göyçə və İrəvan regionlarının Azərbaycan əhalisinin də eyni faciəvi hadisədən əziyyət çəkdiyini diqqətə çatdırıb.

Kütləvi qırğınlar və etnik təmizləmədən sonra demoqrafik tərkibi kəskin dəyişən Zəngəzurun Qafqazın işğal edilməsi ilə bolşeviklər tərəfindən Ermənistana verildiyini yazan H.Hacıyev bunun nəticəsində süni yolla Naxçıvanın coğrafi baxımdan Azərbaycanın əsas hissəsindən ayrılmasının aydın sezildiyini qeyd edib.

O, İkinci Dünya Müharibəsində Q.Njdenin faşist Almaniyasına qoşularaq Hitlerin generalı kimi yəhudulər, ruslar, ukraynalılar və digərlərinin kütləvi qətlini təşkil etdiyi barədə məlumat verərək Njdenin irqçi və ultra-şovinist təliminin Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın Respublika Partiyasının ideoloji əsasını təşkil etdiyini bildirib.

1980-ci illərin sonunda SSRİ-nin dağılması ərəfəsində azərbaycanlıların Zəngəzur və Göyçə mahalı da daxil olmaqla Ermənistandan qovulmasının yeni dalğasının başladığını deyən H.Hacıyev nəticədə Ermənistanda mono-etnik dövlətin yaradıldığını, amma faciənin hələ bununla bitmədiyini nəzərə çatdırıb. O əlavə edib ki, 1991-ci ildən etibarən “Böyük Ermənistan” xülyası ilə Ermənistan Azərbayacan qarşı müharibəyə başlayıb, gücdən istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf rayonlarını işğal edib və işğal olunmuş ərazilərdə 700 min nəfərdən artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyub.

Ermənistanın Sünik adlandırdığı Zəngəzur regionunda bu gün mövcud olan işsizlik və yoxsulluğun səbəbinin Ermənistanın mifik “Böyük Ermənistan” xülyası və qeyri-real ərazi ekspansiya ambisiyası olduğunu yazan XİN rəsmisi aparılan propaqanda nəticəsində Ermənistanda və erməni diasporunda bir çoxlarının hələ keçmişin əsiri olduğunu və buna inandığını bildirib. Vaxtilə hərəkətin yüksək olduğu və Mehridən keçərək Azərbaycan/Naxçıvan, Ermənistan və İranı birləşdirən dəmir yol xəttinin nəyə görə qapalı olması barədə sualla çıxış edən H.Hacıyev bunun səbəbinin Ermənistanın ərazi ekspansiya siyasəti olduğunu yazıb.

Məqalədə H.Hacıyev Ermənistanın düçar olduğu özünü təcrid vəziyyətindən çıxışın qonşulara qarşı ərazi iddialarına son qoymaq, BMT TŞ-nın qətnamələrində tələb olunduğu kimi Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmaq və qonşularla sivil münasibətlər qurmaq olduğunu vurğulayıb. O yazıb:

“Ermənistan bu reallığı nə qədər tez dərk edərsə, Ermənistan əhalisi üçün bir o qədər yaxşı olar və onlar da regional əməkdaşlıq imkanlarından faydalana bilərlər”.

Məqalənin tam mətni aşağıdakı keçiddən əldə edilə bilər: https://eurasianet.org/s/letter-to-the-editor-muslims-suffered-in-zangazur-too


Müəllif: Səxavət

Oxşar xəbərlər