Naxçıvan istiqamətində ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatı qarşı tərəfi həqiqi mənada "nokauta" salıb. Ermənistan mətbuatının “Günnüt əməliyyatı”nı növbəti dəfə müzakirəyə çıxarması bunu bir daha sübut edir.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, Azərbaycan əsgərinin vurduğu tərs sillədən özünə gələ bilməyən və məğlubiyyəti həzm etmək iqtidarında olmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqının qorxusundan dolayı yollar və müxtəlif uydurmalar hesabına özünə bəraət qazanmağa çalışır.
"Azərbaycan tərəfinin azad edilmiş ərazilərdən nümayiş etdirdiyi video-foto çəkilişlərə heç bir tutarlı faktla cavab verə bilməyən Ermənistanın məkanı bəlli olmayan, hansısa dağlıq ərazilərə “press-tur”lar təşkil etməkdən başqa bir çıxış yolu qalmır.
Azərbaycan əsgərinin Naxçıvanda azad etdiyi ərazilərə mülki
əhalinin qayıtması, bu yerlərdə həyatın yenidən bərpa edilməsi artıq müzakirə olunmayan danılmaz faktdır”, - deyə Müdafiə Nazirliyindən bildirilib.