28 İyun 2018 15:49
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüsseldə rəsmi səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti bir sıra görüşlər keçirib.

Teleqraf.com xəbər verir ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin təşəbbüsü və Aİ-nin dəvəti ilə Brüsseldə rəsmi səfərdə olan komitəsinin sədr müavini Səyavuş Heydərovun rəhbərliyi ilə Azərbaycanda fəaliyyət göstərən dini konfessiya üzvlərindən ibarət nümayəndə heyəti bir sıra görüşlər keçirib.

Nümayəndə heyətimiz səfər çərçivəsində ilk görüşünü iyunun 27-də Avropa İttifaqı - Azərbaycan arasında ikitərəfli münasibətlər üzrə məsul şəxs Asunsion Sançez Ruiz və Azərbaycan, Belarusiya, Ermənistan və Şərq Tərəfdaşlığı Bölməsi, NEAR Baş Direktorluğunun nümayəndəsi Yari Hapaala ilə həyata keçirib.

Səfər çərçivəsində Avropa Xalq Partiyasının bir qism üzvü ilə işgüzar nahar süfrəsində keçirilən görüşdə Mədəniyyətlərarası əlaqələr və Dinlərarası Dialoq üzrə işçi qrupunun həmsədri Yan Olbrayt, parlamentin Azərbaycan üzrə reportyoru, Avropa parlamentində İnkişaf komitəsinin üzvü xanım Zeljana Zovko, parlamentin üzvləri Pavel Svoboda və Aloj Peterle iştirak ediblər.

Xristian dünyasında kilsələr arasında fərqlərin dərinləşməsindən narahatlığını ifadə edən Yan Olbrayt məlumat verib ki, bu gün bəzi Qərb ölkələrində dini zəmində yaranan qarşıdurmalar regionda təhlükəsizlik təhdidlərinə səbəb olur. O, nümayəndə heyətinin diqqətinə çatdırıb ki, Azərbaycanın dinlər və mədəniyyətlərarası qarşılıqlı anlaşma sahəsində əldə etdiyi uğurlu təcrübənin Avropa ölkələri tərəfindən öyrənilməsinə böyük ehtiyac var.

Azərbaycanın dövlət-din sahəsində Aİ ilə münasibətlərinin daha da gücləndirilməsinin tərəfdarı olduğuna toxunan nümayəndə heyətinin rəhbəri S. Heydərov çıxışı zamanı təklif edib ki, ölkəmizin əldə etdiyi bu uğurlu təcrübənin, eləcə də dini tolerantlıq dəyərlərinin qorunub saxlanılmasında aparılan dövlət siyasətinin daha geniş coğrafiyaya çatdırılması üçün Aİ və Azərbaycanın ekspert nümayəndələrindən ibarət platformanın yaradılması və müvafiq birgə araşdırmaların aparılması dinlər, millətlər, sivilizasiyalararası dialoqun, eləcə də əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə konkret mexanizmin - yol xəritəsinin işlənməsi məqsədəuyğun olardı.

Səfər çərçivəsində növbəti görüş Cənubi Qafqaz Nümayəndəliyinin sədri, parlamentin üzvü Səccad Kərim ilə keçirilib. O Avropa Parlamentində Azərbaycan Respublikasının dövlət-din münasibətləri sahəsində əldə etdiyi uğurların müsbət qarşılanmasına toxunub.

Görüş zamanı Avropa Parlamentində Azərbaycanın əleyhinə qəbul edilən qətnamələrə toxunan DQİDK-nın sədr müavini S.Heydərov bildirib ki, həqiqəti əks etdirməyən həmin qətnamələr Azərbaycana qarşı qərəzli mövqeyin nəticəsidir.


Müəllif: Cavad

Oxşar xəbərlər