Güney Azərbaycanda milli fəallara qarşı başlayan təzyiqlər ənənəvi siyasətin tərkib hissəsidir.
Bunu Teleqraf.com-a politoloq Sədrəddin Soltan deyib.
Politoloq qeyd edib ki, əvvəlki illərdə də, Babək qalasına yürüşlər olub, həmişə də, bu yürüşdə iştirak edən milli fəalları təqib ediblər, həbs ediblər:
“Yürüşdən əvvəl və sonra da, buna oxşar hadisələr baş verib. Yaxın günlərdə vəfat etmiş məşhur azərbaycanlı musiqiçi Həsən Dəmirçinin dəfn mərasimində iştirak edən milli fəallar da, oxşar təzyiqlərlə üzləşiblər.
Sədrəddin Soltan İran hakimiyyətinin Azərbaycanla bağlı narahatlığının əsassız olduğunu qeyd edib: “Əlbəttə ki, İrandakı soydaşlarımızın Həsən Dəmirçinin dəfnində iştirak etməsi ilə İran dövlətinə heç nə olmayacaq. Yaxud Babək qalasına yürüş İranı zəiflətməyəcək. Təəssüf ki, dünyada müsbət dəyişikliklərin baş verdiyi vaxtda İran hakimiyyəti oradakı türklərə qarşı o qədər də ürəkaçan münasibət bəsləmir. Bu, təəssüf doğurur”.
Qeyd edək ki, Güney Azərbaycanda Babək qalasına yürüşdə iştirak edən 50 nəfər milli fəal İranın təhlükəsizlik xidməti tərəfindən saxlanılıb. Fəalların harada saxlanılması barədə məlumat yoxdur.