Dünyanın bütün sivil ölkələrində etiraz mitinqləri keçirilir, insanlar sosial sorumluluqlarının çözüm yolunu dinc toplantılarda axtarırlar. Şüarlar söyləyir, əl-ələ, çiyin-çiyinə verib addımlayırlar, mahnı oxuyurlar. Onların heç biri mitinqə bıçaqla, tapança ilə gəlmir, öz həmşəhərlisinin, öz qardaşının qanına susamır. Gəncə və gəncəlilər adına çox üzüldüm. Bu şəhərdə o qaragüruh beyinsiz kütlənin qarşısına çıxıb cavanları sakitləşdirən ağsaqqalların olmamasına üzüldüm.
Teleqraf.com xəbər verir ki, bu fikirləri telejurnalist Telli Pənahqızı dünən Gəncədə baş verən olaya reaksiya verərkən bildirib.
Naşı jurnalistlərə çağırış edən Telli Pənahqızı media rəhbərlərinə hadisə yerinə peşəkar reportyorların göndərməsini tövsiyə edib: “Hadisə baş verən yerdən ən azı 200 metr uzaqda dayanıb yalandan “deyirlər iki polkovnik öldürüldü!”, “ay aman polislər mənim də gözümə bibər qazı sıxdılar, gözüm yanır, nəfəsim kəsilir!” -deyənlər, bu, jurnalistika deyil. Bu, insanların əsəbi ilə oynamaqdır, özünü reklamdır. Belə həssas məqamlarda meydana professionalları göndərin, cənab sayt və internet tv sahibləri. Bu torpağı, bu milləti sevənlər, peşəsinə hörmət edənlər hadisə yerindən belə reportaj verməz, verə bilməz”.
Jurnalist dəhşətli hadisənin qadınların, uşaqların, yaşlı insanların və xarici qonaqların gözü qarşısında olmasına diqqət çəkib: “Gəncədə bir caninin müdafiəsinə qalxan, onu qəhrəman kimi qələmə verən , hələ neçə gün əvvəl planlaşdırılan etiraz aksiyasının gününü və vaxtını tirajlayanlar əlini vicdanının üstünə qoyub sevinsin. Gəncədə günahsız iki qardaşımızın qanı töküldü, iki ailə başsız, övladlar atasız qaldı, şəhərə nə qədər maddi ziyan dəydi, insanlar mənəvi əziyyət çəkdi, qaragüruh kütlənin içindəki canilər polis işçilərinə hər kəsin gözü qarşısında zopalarla, taxta parçaları ilə, daşla saldırdılar. Bu, gəncəlilərin gözü qarşısında baş verdi.Mən heç kəsi müdafiə etmirəm, ancaq sadəcə bildiyim bir şey var: deyək ki, icra başçısını istəmirsiniz, onun işi, əməlləri sizi qane eləmir. Bu, insan, vətəndaş kimi sizin haqqınızdır. Ancaq ölkədə belə olmayan, sağlıq durumu barədə kifayət qədər informasiya verilməyən bir adamın intiqamını başqalarından niyə alırsınız? Niyə düşmən sevındirirsiniz, nədən ölkədə sabitliyi pozmağa can atırsınız? Bizim bütün problemimiz, dərd-sərimiz məgər bir icra başçısı iləmi bağlıdır? Bu cür “əzmkarlığı, həmrəyliyi, qoçaqlığı” torpaqlarımız işğal olunanda niyə göstərmirdiniz?”