Gəncədəki olaylar zamanı polis polkovniki İlqar Balakişiyevin və polis polkovnik-leytenantı Səməd Abbasovun təxribat nəticəsində öldürülməsi xəbərini eşidərkən çox sarsıldım.
Bunu Teleqraf.com-a açıqlamasında uzun illərdir Gəncədə ictimai-siyasi fəaliyyətlə məşğul olan Salman İmanlı deyib.
“Hər iki polis zabitini tanıdığım üçün bildirirəm ki, ikisi də Gəncə polisi içərisində ən ləyaqətli, mədəni, peşəkar, heç bir siyasi proseslərə qarışmayan və nəhayət öz peşələrinə və dövlətə sədaqətlə xidmət edən zabitlərdən idi”, – deyən S.İmanlı əlavə edib ki, təxribatı törədənlər görünür, hədəf seçərkən bunları nəzərə alıblar.
S.İmanlı bu təxribat olayını qətiyyətlə pislədiyini sözlərinə əlavə edib:
“Hüquq-mühafizə orqanlarının cinayətkarları tezliklə tapacaqlarına, onların məhkəmə tərəfindən cəzalandırılacağına ümid edirəm. Dünyasını dəyişən ləyaqətli polis zabitlərimizə uca yaradandan rəhmət diləyirəm, ruhları şad olsun. Allah doğmalarına səbr versin, təxribat törədənlərə lənət eləsin”.