12 İyul 2018 08:44
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə yüksək çinli iki polis əməkdaşını qətlə yetirən şəxslərlə bağlı yeni məqamlar üzə çıxıb. Məlum olub ki, onların hər ikisi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə həbsdə olublar.

Bu arada o da məlum olub ki, Gəncədəki məlum hadisədən sonra facebook səhifəsində “qardaşlar, silahlanın, polis öldürməyin vaxtı çoxdan yetişib, silahlı birlik yarada bilsək, onda bizi zəfər gözləyir”, “yalnız və yalnız bir yumruq kimi birləşib polislərin dərsini vermək lazımdır, ölüb öldürməkdən qorxmaq lazım deyil” yazmış Mahir Bəyalıyev bu yazısından bir gün sonra keçmiş həyat yoldaşı Samirə Bəyalıyevanı Ağsuda kirayə yaşadığı evdə bıçaqla qətlə yetirib. Demək, insanları sosial şəbəkələrdə məmurları öldürməyə, küçələrə tökülüşüb təxribatlar törətməyə çağıranlar bu cür insanlardır.

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsi sədrinin müavini Elman Məmmədov bildirib ki, polis cəmiyyətdə əmin-amanlığın, qanunçuluğun, ictimai asayişin, vətəndaşların təhlükəsizliyinin, rahat yaşamasının qarantı, keşikçisidir. Onun sözlərinə görə, normal düşüncəli insan polisə, yaxud digər hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı çağırışlar etməz:

“Bunu edənlər yəqin ki, nə vaxtsa qanunu pozub, nəticədə polislə onlar arasında müəyyən problemlər yaşanıb. Yəni, polis qanunçuluğu təmin etmək istəyib, onlar da qanunu pozmaq istiqamətində fəaliyyət göstəriblər. Nəticədə, aralarında düşmənşilik münasibətləri yaranıb. Məncə, belə olmuş olsa da, o insan islah olunmalı və düzgün yola qayıtmalıdır. Həyatdır, həyatda heç kim sığortalanmır və deyə bilməz ki, mən cinayət törətməyəcəm, yaxud başıma nəsə iş gəlməyəcək. Bir də görürsən hətta ən yüksək səviyyəyə malik insan da müəyyən səhvlər edir. Gedir cəzasın çəkir, islah olunur. Cəmiyyətə normal insan kimi qayıdır. Bu, əsas vermir ki, həmin şəxs ömrü boyu polisə qarşı düşmən mövqedə dayansın”.

E.Məmmədov qeyd edib ki, polisə qarşı belə çağırışlar edən insanlar çox səhv edirlər:
“Polisə itaətsizlik göstərmək, zor tətbiq etmək, düşmən münasibət bəsləmək dövlətə və dövlətçiliyə düşmən münasibətdə olmaqdır. Belə insanlar barədə müvafiq qaydada ölçülər götürülməlidir. Onlar islah edilməli, müxtəlif qanuni yollarla başa salınmalıdır ki, hərəkətiniz səhvdir, düz deyil. Əgər polis olmasa, görün, nələr baş verə bilər. Bəs bu insanların rahat, dinc, təhlükəsiz yaşaması polisin xidməti deyilmi?”


Müəllif: Səxavət

Oxşar xəbərlər