Bir ilə yaxın idi ki, Azərbaycanda narahatlıq vardı. Xüsusilə də, İranda baş vermiş tələbə hərəkatı bir siqanal idi. Düzdür, sual oluna bilər ki, İrandakı tələbə hərəkatının bizə nə aiddiyyatı var? Amma artıq dünyada gedən proseslər açıq müstəvidə cərəyan edir. Dünyada gizli heç nə baş vermir.
Gəncə şəhərində baş vermiş insidentlər bağlı Teleqraf.com-a danışan millət vəkili Fəzail İbrahimli belə deyib.
Millət vəkili son günlərdə Azərbaycanda cərəyan edən hadisələrin müsəlman dünyasına edilən hücumların tərkib hissəsi olduğunu bildirib:
“Müsəlman dünyası qan içindədir, Yaxın ŞəRq alov içində yanır. Lakin Azərbaycanda sabitlik idi, insanlar sakit yaşayırdılar. Necə ola bilərdi ki, Azərbaycan müsəlman dünyasını qan içində boğan qüvvələrin gözlərindən yayınsın? Bu narahatlıq var idi. Nəhayət, bu dalğa gəlib bizə çata bildi. Baş verən proseslərin kökündə bu dayanır. Əsas niyyət Azərbaycandakı sabitliyi pozmaq, müsəlman dünyasının tərkib hissəsi kimi ölkəmizi alovun içinə atmaq və yaşadığımız halal müstəqilliyə haram qatmaqdır. Bu çirkin niyyətləri həyata keçirmək üçün də hansı regionun seçilməsi ciddi məsələ idi. Görünən budur ki, Gəncəni seçdilər”.
Fəzail İbrahimli hesab edir ki, Gəncənin seçilməsi təsadüfi deyildi:
“Gəncə Azərbaycan şərəf və ləyaqətini yaşadan bölgəmizdir. Azərbaycanın heç bir bölgəsində Gəncədə baş verənlər təkrar olunmayıb. Dəfələrlə buna görə Gəncənin adı dəyişdirilib. Çar dönəmində Yelizavetpol, Sovet vaxtı isə Kirovabad adlandırıldı. Amma heç bir dönəmdə Gəncə bu hücumlara qarşı boyun əymədi.
Çar Rusiyası Azərbaycanın işğalına Gəncədən başladı. Amma Cavad xan oğlu ilə birlikdə tikə-tikə doğrandı, tabe olmadı. Gəncə təcavüzkarlara qarşı sonadək vuruşdu. Çünki Azərbaycanın siyasi mərkəzi olan Gəncə ölkəmizi müstəqil görmək istəyirdi. Sovet dönəmində Azərbaycanda ilk üsyan da Gəncədə baş verdi. 1920-ci illərdə baş vermiş bu üsyanlarda 12 min gəncəli öldürüldü. Bu gün də cümhuriyyətimizin ilk təməlinin atıldığı Gəncə təcavüzkarlar imkan verməz”.
Millət vəkili Gəncədə baş verənlərin Azərbaycanın müstəqilliyinə yönəlmiş sui-qəsd olduğunu istisna etmir: “Bu gün Gəncədə baş verənlər Azərbaycanın müstəqilliyinə haram qatmaq istəyən, ölkədə çaxnaşma yaratmaq istəyən qüvvələrin əməlləridir. Güman edirəm ki, Azərbaycan xalqı hamılıqla bu çirkin niyyətlərin qarşısını alacaq. Biz ən böyük var-dövlətimiz olan sabitliyin əldən getməsinə imkan verməyəcəyik”.