22 İyul 2018 14:34
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev milli mətbuat günündə Həsən bəy Zərdabi ilə bağlı 5 sitat təqdim edib.

Teleqraf.com xəbər verir ki, Vilayət Quliyev əvvəlcə “Kaspi” əməkdaşı A.Olendskinin Həsən bəyin vəfatı münasibəti ilə qəzetin 1 dekabr 1907-ci il tarixli sayında çap etdirdiyi nekroloqdan sitatı diqqətə çatdırıb.

“Təəssüf ki, bizim vətənimizdə həmişə olduğu kimi yada düşmək üçün bu dəfə də mütləq ölmək lazım gəldi...”, - deyə A.Olendski nekroloqda qeyd edib.

Diplomat daha sonra “Kaspi” qəzetinin əməkdaşı, Ukrayna əsilli jurnalist N.Bayzdrenkonun “Bakinets” qəzetinin 7 dekabr 1907-ci il tarixli sayında çap etdirdiyi “Təzə qəbir önündə düşüncələr” adlı məqaləsindən hissəni paylaşıb: “Hər şeydən az özü haqqında düşünən, bütün həyatı boyu başqaları üçün işləyən adamı ömrünün son günlərində soyuq bir tənhalıq əhatə etmişdi. Onun qüvvəsi zəifləyir, iş qabiliyyəti azalırdı. Lakin prinsiplərinə sadiq olan qoca və xəstə Həsən bəy yenə də işə can atırdı. Ancaq daha onun əməyinə heç bir ehtiyac duymurdular. Həsən bəyin hər gün redaksiyaya gəlməsinə, məzlum və fağır görkəminə, sanki məzəmmətlə dolu sönük baxışlarına ürək ağrısı keçirmədən və göz yaşları axıtmadan baxmaq mümkün deyildi”.

Vilayət Quliyev həmçinin Əhməd Ağaoğlunun Həsən bəyin dəfn mərasimindəki çıxışından bir hissəni qeyd edib: “Tam 50 il bundan əvvəl, yəni o zamanlar ki, Qafqaz dairəsində elm və fənnin nə olduğuna etina belə olmuyordu, Həsən bəy mərhum Moskva şəhərinə gedib orada Darülfünunda təhsil etməyə bəzli-hümmət etmiş, sonra öz vilayəti olan Badikubəyə mühacirət etmişdi. Badikubəyə qayıdıb da bu mərhum nəylə məşğul olmuşdu? Yerlər qəsb etməyə? Var-dövlət qazanmağa? İsmi-rəsm, şöhrət və pul qazanmağa? Xeyr! Xeyr! Müəllimlik edib öz həmcinsi və qövmü olan taifəni düçar olduğu cəhalətdən, zülmətdən qurtarmağa! Bəs bu təmənnasız xidmət müqabilində mərhum nə qazanmışdı?

Ən əvvəlimci tən və sərzəniş idi ona edirdik, onun kasıblığı və biçizliyi idi. Ağzını açıb danışanda biz ona deyirdik: “Kəs səsüvü! Danışma! Sən kasıbsan! Sən fəqirsən!" Yəni biz ona tənə edirdik ki, vaxtını pul qazanmağa sərf etmək əvəzinə bizə, biz millətə müftə qulluq etməyə sərf edirdi. Lakin bu mücahid, bu millətpərəst bizim heç bir cövrü cəfamızdan geri durmayıb öz tutduğu yolda qəribə bir səbat ilə davam edib milləti ayıltmaq işi ilə, taifəsinə xidmət etmək üçün cümlə səyü bəzl edirdi”.

Səfir daha sonra 1910-cu il noyabrın 28-də Həsən bəyin vəfatının 3-cü ildönümü münasibəti ilə “Kaspi” qəzetində dərc olunmuş redaksiya məqaləsindən sitat gətirib: “Həsən bəy Məlikovun xatirəsi kimin üçün əziz deyil? Kim xalqın bu böyük dostunun adını yaddaşlardan silə bilər? Kim özünü bütün varlığı ilə xalqına həsr edən, son nəfəsdə ailəsini yardımsız, vəsaitsiz qoyub yoxsul bir insan kimi məzar evinə köçən bu şəxsiyyəti unuda bilər?

Mən sizdən soruşuram: doğrudanmı hamının gözünün içinə həqiqəti deyən, göründüyü hər yerdə borc və vicdan hissini insanlara xatırladan bir şəxsi unutmaq mümkündür? Elə isə görəsən, Həsən bəyin nəşi torpağa tapşırılmamış onun qəbirüstü abidəsinin hazırlanmasından ötrü komissiya yaratmaq haqqında çığır-bağır salan ziyalılar indi haradadırlar?

Bu gün Həsən bəyin ölümündən düz üç il ötür. Bu üç ildə kim nə edib? Heç kim heç bir iş görməyib. Soruşmaq istəyirəm: bəs şəhər nə edib? Axı o bu şəhər üçün canını qoymuşdu! Cənazəsinin hələ mafədə olduğu vaxt hamı atəşin nitqlər söyləyirdi. Meyit qəbirə endirilən kimi bu sözlər də yerli-dibli unuduldu”.

Vilayət Quliyev sonda Cəmo bəy Hacınskinin “Kaspi” qəzetində 1914-cü il noyabr 27-də Həsən bəyin vəfatının 7-ci ildönümü münasibəti ilə dərc etdirdiyi “Yeddi il” adlı məqalədən bir parçanı paylaşıb: “Bu gün mədəni-maarifçilik işi sahəsində müsəlman öncülü Həsən bəy Məlikovun vəfatının yeddinci ildönümü tamam olur. Bakı müsəlmanlarının bəlağətli nitqlər və böyük təntənə ilə öz görkəmli xadimlərini dəfn etdikləri vaxtdan yeddi il keçir.

Nə dəyişdi? Bu bəlağətli nitqlərdən ortada qalan nə oldu? Yəqin ki, onların elə həmin gün Bakı küləyinə qarışıb havaya sovrulduqlarını düşünmək daha doğru olardı. Həsən bəy təntənəli şəraitdə dəfn edildi. Onun barəsində daha iki-üç gün danışdılar. Qəzetlər öz səhifələrində mərhumun tərcümeyi-halını və portretlərini yerləşdirdilər. Vəssalam. Bundan sonra müsəlman cəmiyyəti onu yerli-dibli unutdu. Biz nəinki Həsən bəyə abidə ucaltdıq, hətta onun qəbri üzərində adi bir baş daşı qoyulmasında xanımına yardımçı olmaq istəmədik. Biz nəinki Həsən bəyin adını və xatirəsini əbədiləşdirdik, hətta hər vasitə ilə onu unutmağa çalışdıq. Biz nəinki onun ailəsinin qayğısına qaldıq, hətta bu ailəyə yardım göstərmək əvəzinə pislik etməyi, dərd və kədər gətirməyi bir prinsipə çevirdik. Hətta vəhşilər də öz başçılarının məzarını bəzəyib-süsləyirlər. Biz vəhşilik dövrünü arxada qoymuşuq, amma görünür, hələ mədəniyyət dövrünə gəlib çıxmamışıq”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər