Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ("Qaçqınkom") Ağdamın Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Bu barədə Teleqraf.com-a komitədən məlumat verilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev Qarabağ bölgəsinin strateji baxımdan ən mühüm inzibati ərazilərindən olan Ağdam rayonunun tarixi keçmişindən, vaxtilə respublikamızın iqtisadi-mədəni həyatında tutduğu mövqedən, ağdamlıların müxtəlif sahələrdəki uğurlarından və torpaqlarımızın müdafiəsi uğrunda göstərdikləri şücaətlərdən danışıb. Qeyd edilib ki, Ermənistan silahlı birləşmələrinə qarşı döyüşlər zamanı rayonda 6 min nəfərə yaxın həmvətənimiz şəhid olub. Rayonun 16 milli qəhrəmanı var. Təcavüzkarlar Ağdam şəhərini və 82 yaşayış məntəqəsini, bu ərazilərdəki tarixi-mədəni abidələri dağıdıb, yeraltı və yerüstü sərvətləri talan ediblər. Həmin dövrdə 143 min ağdamlı öz doğma yurdundan didərgin düşüb. Hazırda ümumi sayı 198.600 nəfər olan əhalinin 90 min nəfərə qədəri rayonun öz ərazisində yaşayır, 101.000 min nəfər məcburi köçkün isə respublikanın 62 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.
BMT Təhlükəsizlik Şurası Ağdamın işğalını pisləyən və işğalçı ordunun zəbt olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən 853 saylı qətnamə qəbul edib. Lakin təəssüf ki, digər qətnamələr kimi o da indiyədək yerinə yetirilmir, Ermənistanın regiondakı işğalçılıq siyasəti davam edir.
Dövlət Komitəsinin sədri əlavə edib ki, ulu öndər Hеydər Əliyеvin diqqəti və qayğısı nəticəsində ötən əsrin 70-80-ci illəri Ağdamın da tarixinə inkişaf və tərəqqi dövrü kimi düşüb. Bu gün isə Prezident İlham Əliyevin göstəriş və tapşırıqları əsasında rayonda quruculuq və yenidənqurma işləri aparılır. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən 2003-2014-cu illərdə rayonun ərazisində salınmış 18 qəsəbədəki evlərdə 6937 məcburi köçkün ailəsi olmaqla 26380 nəfər yaşayır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həllini, bununla bağlı həyata keçirilən layihələrin icrasını daim diqqətdə saxlayır.
Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin ərazisi işğal edilmiş rayonlardakı təşkilatlarının rəhbərləri, Ağdam rayonundan olan ziyalılar və keçmiş döyüşçülər iştirak ediblər.