Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısında iyul ayının 28-i səhər saat 10:00-dan iyul ayının 29-u səhər 05:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, yolun avtovağzal qarşısından keçən hissəsində asfalt örtüyü yenilənir.
Hərəkət istiqaməti Beynəlxalq Avtovağzal kompleksinin yanından Stend Atıcılığı idman kompleksinə gedən yol vasitəsi ilə Bakı-Dairəvi-1 avtomobil yoluna yönəldiləcək.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.