Fövqəladə Hallar Nazirliyi Ağsuda baş verən yanğın barədə məlumat yayıb.
Teleqraf.com FHN-in saytına istinadla xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Qırlar kəndi yaxınlığında meşə ətrafı ərazidə yanğın olması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
İlkin məlumata görə, bələdiyyəyə məxsus ərazidə 2 hektar biçilmiş taxıl sahəsi və 0,5 hektar sahədə kol-kos yanıb. Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın məhdudlaşdırılıb.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Ərazi mürəkkəb relyefdə yerləşdiyi üçün yanğınsöndürmə işlərində əsasən əl əməyindən istifadə olunur.
Əlavə məlumat veriləcək.
***
10:56
Ağsu rayonunda meşə yanğını başlayıb.
Teleqraf.com APA-ya istinadla xəbər verir ki, ilkin məlumatda rayonun Qırılar kənd sakinlərinin dağlıq ərazidəki quru ot və kol-kosu yandırdıqları bildirilir.
Nəzarətsiz qalan alov getdikcə daha böyük ərazini əhatə edib. Alov yaxınlıqdakı meşə sahəsinə keçib.
Hadisə yerinə FHN-in Ağsu, Şamaxı və İsmayıllı Dövlət Yanğından Mühafizə hissələrinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Dağlıq əraziyə yanğınsöndürən avtomobillər çıxa bilmədiyi üçün şəxsi heyət alovun qarşısını əl əməyi ilə almağa çalışır.
Hazırda meşədəki yanğının söndürülməsi üçün tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.