6 Avqust 2018 14:52
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Avropa Birliyi arasında dialoq tərəflərin bərabərhüquqlu və qarşılıqlı sərfəli əməkdaşlığı əsasında aparılır. Bu günlərdə Brüsseldə Avropa İttifaqının rəhbərliyi ilə keçirilən görüşlər bu yanaşmanın doğru olduğunu nümayiş etdirdi.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti” agentliyinə müsahibəsində 2018-ci ildə Azərbaycanla Aİ arasında sazişin imzalanmasının mümkünlüyü barədə suala cavab verərkən deyib.

Nazir qeyd edib ki, proses düzgün istiqamətdə davam edir və bu, iki bərabərhüquqlu partnyorun – Azərbaycanla Avropa İttifaqının “böyük saziş” imzalamasına gətirib çıxaracaq.

Azərbaycanla Aİ arasında vizasız rejim haqda danışan Elmar Məmmədyarov vurğulayıb ki, tərəflər arasında artıq sadələşdirilmiş viza rejimi mexanizmi mövcuddur: “Bu sferada qarşılıqlı əlaqələr uğurla inkişaf edir və hər iki tərəfin maraqlarına cavab verəcək səviyyəyə gəlib çatacaq”.

Azərbaycanın xarici siyasətinə toxunan nazir bildirib ki, Azərbaycanın xarici siyasət kursu “və ya-və ya” prinsipi əsasında deyil, tarazlaşdırılmış, çoxvektorlu və inklüziv xarakterə malikdir: “Əminik ki, bu kursa sadiqlik öz bəhrəsini verməyə davam edəcək və bütovlükdə bizim xalqımızın və regionun xeyrinə xidmət edəcək”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər