Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin sammiti çərçivəsində Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması bütün Xəzəryanı dövlətlərin birgə səylərinin nəticəsidir. Bu, Xəzəryanı dövlətlərin əldə etdiyi mühüm bir nailiyyətdir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, konvensiya vasitəsilə Xəzər dənizində davranış qaydalarının hüquqi çərçivələri formalaşdırılır və bir daha təsdiq olunur ki, Xəzər dostluq, tərəfdaşlıq və əməkdaşlıq dənizidir və məkanıdır.
XİN sözçüsü qeyd edib ki, Xəzəryanı dövlətlərin qarşılıqlı dialoq və anlaşma şəraitində keçən uzunmüddətli prosesin nəticəsində konvensiya ərsəyə gətirilib: “Bütün sahilyanı dövlətlərin maraqlarının ahəngli və əlaqələndirilmiş şəkildə təsbiti konvensiyada öz əksini tapır”.
Hikmət Hacıyev konvensiyanın imzalanmasından sonra da Xəzərlə bağlı dialoqların olacağını deyib: “Azərbaycan hər zaman dialoq tərəfdarıdır. Xəzəryanı dövlətlər arasında 1996-cı ildən etibarən xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupu fəaliyyət göstərir. Həmçinin dövlət başçılarının iştirakı ilə sammitlər keçirilir, xarici işlər nazirləri səviyyəsində görüşlər baş tutur. Dialoq mexanizmi bundan sonra da davamlı olmalıdır. Dialoq və məsləhətləşmələr Xəzər dənizində dostluq və əməkdaşlığın daha da güclənməsinə xidmət edir”.