Müsavat partiyasının başqanı İsa Qəmbərin siyasi partiyaların bir araya gələrək Müdafiə Komitəsi yaratmaq təşəbbüsünün qarşısı alınıb.
Bu təşəbbüsün qarşısını AXCP başda olmaqla Milli Şura alıb.
Xatırladaq ki, iki həftə öncə İsa Qəmbərin təşəbbüsünə uyğun olaraq doqquz partiya KXCP-nin qərargahında toplaşaraq vahid Müdafiə Komitəsi yaratmaq istiqamətində müzakirə aparmağa start vermişdi. Hətta ötən həftə 14 siyasi partiyanın birgə müzakirəsi davam etdi və sonda belə bir qurumun yarandığı elan edildi, KXCP sədri Mirmahmud Mirəlioğlu qurumun sədri, professor Hacıbaba Əzimovla, sabiq baş nazir Pənah Hüseyn isə işçi qrupunun üzvü seçildi. Bununla da İsa Qəmbər Milli Şuraya qarşı revanş götürdü, eləcə də son bir neçə ayda əldə edə bilmədiyi siyasi manevr imkanı əldə etdi. Bununla da çoxları düşünürdü ki, İsa Qəmbər Milli Şuradan getdikdən sonra ən optimal siyasi addım atdı və şuranı bir növ mat vəziyyətinə saldı, həm də müxalifət düşərgəsində bir daha göstərdi ki, onsuz müxalifət daha da pis duruma düşə bilər. Ancaq görünən budur ki, Müsavat başqanının bu jesti üç gün çəkdi.
Milli Şuradan Müsavata qarşı demarş
Müsavatın müxalifət düşərgəsində təşəbbüsü ələ almaq məqsədilə atdığı addımları müşahidə edən Milli Şura dünən AXCP-nin qarantiyası altında Ziyalılar Birliyinin ofisində toparlanıb.
Tədbirdə siyasi partiyalar, ziyalılar və QHT nümayəndələri iştirak edib. İştirakda əsasən Müdafiə Komitəsinin yaradılması məsələsi müzakirə edilib. Toplantıda xüsusilə vurğulanıb ki, həbs edilən Yunuslar ailəsinin ABŞ-da yaşayan qohumu Ramiz Yunus məhz Milli Şura sədri Cəmil Həsənliyə müraciət edib. Buna əsaslanan Milli Şura faktiki olaraq təşəbbüsü İsa Qəmbərin əlindən alıb. Burada incə bir məqam da var. Məsələ ondadır ki, Ramiz Yunus uzun illər İsa Qəmbərin müşaviri vəzifəsində işləyib, hətta Amerikaya köçməsinə baxmayaraq özünü müsavatçı kimi görür. Ancaq maraqlıdır ki, Ramiz Yunus sonda İsa Qəmbərə deyil, Cəmil Həsənliyə müraciət edib və Müdafiə Komitəsinə onun ağsaqqallıq etməsini istəyib.
Dünən keçirilən tədbirdə çıxış edən Cəmil Həsənli məhz bu amilə söykənərək Müdafiə Komitəsinin yaradılmasının vacibliyini ifadə edib. Qəribədir ki, həmin tədbirdə KXCP sədri Mirmahmud Mirəlioğlu və Pənah Hüseyn də iştirak edib. Bəzi iddialara görə, İsa Qəmbərin müavini Gülağa Aslanlı da həmin tədbirdə əyləşərək müzakirələrin canlı şahidi olub. Tədbirin sonunda isə Cəmil Həsənli və Vidadi Mirkamal Müdafiə Komitəsinin sədri seçilib. Bununla da İsa Qəmbərin təşəbbüsünün üzərindən xətt çəkilib.
Əhməd Oruc: “Bu materialdan nağara üzü və ya çarıq çıxacaq”
KXCP qərargahında bir araya gələn partiyaların nümayəndəsi Əhməd Oruc isə bu durumu kəskin tənqid edib: “Mənim bundan xəbərim yoxdur. Biz KXCP qərargahında siyasi partiyaların hüquq müdafiə mərkəzi yaratmışdıq. İndi də deyirsiniz ki, Milli Şura belə bir qurum yaradıb. Əvvəla, Cəmil Həsənli siyasi partiyanı təmsil etmir. Məncə, paralellik ola bilməz. Biz Cəmil Həsənlini iki dəfə öz tədbirimizə dəvət etmişdik. Hesab etmirəm ki, bu parçalanmaya səbəb olsun. Həm də burada söhbət siyasi blok yaratmaqdan getmir. Əgər imkanları çatırsa, daha bir təşkilat yaratsınlar. Lap beşini yaratsınlar. Artıq ciddi bir şey qalmayıb ki, bu cür bir-birinə paralel qurumlar yaratmaqda ciddi görünsünlər. Cəmil Həsənlini hər dəfə tədbirimizə dəvət etmişik. Əvvəl razılıq versə də, sonradan gəlməyib. İndi də belə bir addım atırlar. Olan material budur. Bu materialdan nağara üzü və ya çarıq çıxacağını sonra görəcəyik”.
Sərdar Cəlaloğlu: “Bunlar cılız hissslərdir”
ADP sədri Sərdar Cəlaloğlu isə deyib ki, bu tədbirdən xəbəri yoxdur və onu belə bir tədbirə dəvət etməyiblər. ADP sədrinin fikrincə, indilikdə həbs edilən şəxslərlə bağlı müxalifət daxilində rəqabətin aparılması cılız hisslər, firqəçilik və iyrənc bir hərəkətdir. Onun sözlərinə görə, bu cür hallar insanlığa yaraşmır:
“Mən artıq deməyə söz tapmıram. Normalda bir tədbir təşkil edilməli, hər kəs də ora dəvət olunmalı idi. Ancaq bunlar bir müddət əvvəl gizli tədbir keçiriblər, nəsə yaradıblar. İndi də deyirsiniz ki, bu gün toplaşıblar. Açığı bu məsələlər məni ilgiləndirmir. Ümumiyyətlə isə həbsdə olan adamdan siyasi məqsədlərlə istifadə etmək, bundan divident götürmək biabırçı bir işdir. Bunların məqsədi darda olan insanlara kömək etmək deyil, siyasi divident qazanmaqdır”.
CAVİDAN