4 Sentyabr 2018 14:34
1 977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Soçiyə səfəri hazırkı dünya siyasəti kontekstində çox mühüm hadisə kimi dəyərləndirilməlidir. Dövlət başçımız ABŞ-ın və bir sıra digər ölkələrin Rusiya ilə bağlı yürütdüyü siyasət fonunda bu müqavilələri imzalamaqda Azərbaycanın balanslı siyasət kursunun doğruluğunu bir daha göstərdi.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

O qeyd edib ki, hazırda Gürcustan və Ermənistanda baş verən siyasi sabitsizlik zamanı Moskva Cənubi Qafqazda yalnız Azərbaycanla dərin münasibət qurmağa çalışır və dialoq aparır:

“Biz bunu Xəzəryanı ölkələrin sammitində konvensiyanın imzalanması zamanı da müşahidə etdik. Bu da iki dövlət arasında münasibətlərin nə dərəcədə yüksək səviyyədə olmasından xəbər verir. Prezidentlərin Soçidə keçirdikləri görüş zamanı verdikləri birgə bəyanatı, mühüm istiqamətləri əhatə edən normativ-hüquqi sənədlərin imzalanmasını 2024-cü ilədək iki dövlət arasında ikitərəfli və regional münasibətlərin gələcəyinin əsas prinsipləri kimi qəbul etmək olar.

Əlbəttə, imzalanan sənədlər iqtisadi və siyasi baxımdan mühüm əhəmiyyət kəsb etdiyi kimi geosiyasi proseslərin gələcəyi və yeni dünya nizamının formalaşması baxımından da əhəmiyyətlidir”.

Politoloq bildirib ki, imzalanan sənədlər gələcək illər ərzində iki dövlət arasında münasibətlərin xarakterini müəyyən edir: “Qarşıdakı 5 il ərzində münasibətlərin keyfiyyətcə fərqli səviyyəyə çatması da mümkündür. Bu illərdə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 5 milyarddan 10 milyard dollara yüksələ bilər”.

R.Məmmədova əlavə edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli də Rusiya-Azərbaycan münasibətlərində mühüm çəkiyə malikdir:

“Rusiya Prezidenti Vladimir Putin “Biz ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi bu münaqişənin sülh yolu ilə nizamlanmasına mümkün qədər səy göstərəcəyik” bəyanatı verməsi və son zamanlar Ermənistanda nümayiş olunan anti-Rusiya əhval-ruhiyyəsi Azərbaycana xal qazandırır. Biz Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə yardım edəcəyinə ümid edirik.

Bundan əlavə, Rusiya ilə Azərbaycan arasında dinamik inkişaf edən əlaqələr Cənubi Qafqazda sabitliyə kömək edəcək. Bu isə öz növbəsində regionda aktual olan problemlərin həllinə də yardımçı ola bilər”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər