Türkiyənin qadın radiosu olan “Lady Radio”nun təşkilatçılığı ilə 6 ölkədən olan dövlət və hökumət nümayəndələri, QHT fəalları Türk Dünyası Qadın Platformunun (TÜRKAP) İstanbulda keçirilən I Forumunda bir araya gəliblər.
Teleqraf.com xəbər verir ki, Türkiyədən foruma Avcılar Bələdiyyəsinin sədri Handan Toprak, millət vəkilləri Jalə Nur Süllü, Aylin Cəsur, Qırğızıstan millət vəkili Elvira Surabaldiyeva, azərbaycanlı parlamentarilər Jalə Əliyeva, Kamilə Əliyeva, Hesablama Palatasının auditoru Mehriban Alışanova, Şimali Kiprin millət vəkili Jalə Rəfiq Rogers, həmçinin Qazaxıstan və Özbəkistandan gələn 50-ə yaxın fəal qadın qatılıb.
Türk Dünyası Qadın Platformunun qurucuları İlhamə Novruzova ve Zaid Nəhmətov iştirakçıları salamladıqdan sonra, Ankara Klubu Qadın Qolları başqanı Handan Qayakökünün təqdimatı ilə üzv ölkənin aktual qadın mövzularına dair informasiya paylaşımı oldu. Çıxışçılar platforumla bağlı gözləntilərini bildiriblər.
Forumda 6 ölkə təmsilçisindən ibarət olan İdarə Heyəti seçilib. Avcılar Bələdiyyəsinin sədri Handan Toprak Türkiyə adından İdarə Heyətinə qəbul edilib. 30 iştirakçı qurucu üzv, millət vəkilləri isə fəxri üzv olaraq niyyət protokolunu imzalayıblar.
Sonra “KaDer” başqanı Nuray Karaoğlu və “Qadın Cinayətlərini Dayandıracağıq” Platformunun baş təmsilçisi Gülsüm Kavın moderatorluğu ilə “Qadın Lobbiçiliyi” və “Qadına Şiddət” panelləri başlanıb. Ankara Birjasının ilk qadın başqanı Səma Aksoy, professor, doktor Aygün Attar, “Lady Radio”nun piar meneceri Ayşə Gönən, Lefkoşa Lions Klub başqanı Anıl Məryəm Bilir, professor, doktor Nodira Latipova, “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova və digərlərinin iştirakı ilə faydalı müzakirələr aparılıb.
TÜRKAP-ın bundan sonrakı hədəflərinə gəlincə, bunlar ortaq sosial-mədəni tədbirlərin təşkili, qadın həmrəyliyinin sərhədlərini genişləndirmək, türk dünyası qadınları arasında dialoqu artırmaq, tarixdən gələn qardaşlıq bağlarını daha da gücləndirməkdir.
TÜRKAP-ın qurucu başqanı İlhamə Novruzovanın açıqlamasına görə, 5 dekabr 2018-ci il tarixində Qadın Hüquqları günündə türk dünyasının bütün ölkələrindən olan 200 qadının iştirakı ilə Ümumi Forum reallaşacaq və möhtəşəm mərasimdə “İlin Qadını” Mükafatları sahiblərini tapacaq.
Tədbirin informasiya dəstəyi Modern.az saytıdır.