20 Avqust 2014 11:01
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevinc Fətəliyeva: “Hüquq normaları əsas verir ki, Ermənistana sanksiyalar tətbiq edilsin”

“Ermənistan ordusunun son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Azərbaycan ordusunun mövqelərinə bir neçə dəfə basqın etməsi və kəşfiyyat-təxribat qruplarının cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstərməsi bir daha bəzi həqiqətləri ortaya çıxardı. Bu reallıq təsdiqini tapdı ki, dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe ikili standartların bariz nümunəsi olmaqla yanaşı, ədalətsiz və riyakar yanaşmadır”.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. Deputat bildirib ki, dünya ictimaiyyətinə bəllidir ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan, digər dövlətlərə də qarşı ərazi iddialarını davam etdirən Ermənistan beynəlxalq ictimaiyyətin loyal münasibəti və cəzasızlıq mühitindən istifadə edərək beynəlxalq hüquq normalarını heçə sayır:

“Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq 4 qətnaməsi başda olmaqla nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrini icra etmir, işğalçı ölkə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə də məhəl qoymur”.

Sevinc Fətəliyeva bəyan edib ki, əslində beynəlxalq ictimaiyyət Ermənistana qarşı adekvat tədbirlər görməlidir: “Artıq bu ölkəyə qarşı sanksiyaların tətbiq olunması məsələsi gündəmdədir. Bu, hazırkı şəraitdə məqbul və ədalətli seçim olar. Çünki beynəlxalq hüquq normaları tam əsas verir ki, Ermənistana sanksiyalar tətbiq edilsin, işğalçı ölkə işğal edilmiş əraziləri boşaltmağa vadar olunsun. Bütün bunlara baxmayaraq, beynəlxalq ictimaiyyət hələ də öz loyallığı ilə Ermənistanın təxribatçı, aqressiv fəaliyyətinə stimul verir. Əslində, beynəlxalq hüququn mühüm keşikçiləri sayılan beynəlxalq təşkilatların, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun ərazi bütövlüyü prinsipinə zidd olaraq Azərbaycan torpaqlarında yerləşən və bölgədə gərginliyə səbəb olan Ermənistan silahlı qüvvələrinin ərazidən çıxarılmasını tələb etməməsi onlara heç də başucalığı gətirməyən ikili yanaşmanın aydın təzahürüdür.

Bütövlükdə, Ermənistanın son günlər ərzində cəbhə xəttində atəşkəsi pozaraq təxribatlar törətməsi bu ölkənin sülh danışıqlarına, atəşkəs rejiminə, bütövlükdə beynəlxalq hüquq normalarına yanaşmasını göstərdi".

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər