Ermənistanın baş naziri Nikol Paşinyanın özü də Rusiya səfərinin uğurlu olmayacağını bilirdi. Çünki ora niyə dəvət edilməsindən xəbərdar idi. Bu səfərin Paşinyanın şəxsində cızığından çıxmış Ermənistana həddini bildirmək, haqq-hesab çəkmək üçün düzənləndiyini anlayırdı.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
Politoloq qeyd edib ki, Rusiya Xarici işlər naziri Sergey Lavrovun Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışında heç bir diplomatik nəzakət qaydalarına xüsusi vurğu edilmədən səfər barədə hər şey deyilmişdi:
“Bu səfər əvvəlcədən uğursuzluğa məhkum idi. Çünki Rusiyaya səfər edib “çarlar çarı”nın hüzurunda qəbul gözləyən Paşinyan dövlət cevrilişi yolu ilə hakimiyyətə gətirilən andan Ermənistanın Rusiyadan qopacağının nəzəri əsasları hazır idi. Bu iki dövlət, daha doğrusu, suveren və vassal statusundakı Rusiya və Ermənistan arasında hər bir səfə r bu konsepsiyanın praktiki təzahürləridir.
Düşünürəm ki, bu cür səfərlərin sayı, intensivliyi onun mahiyyətini dəyişə bilməz. Əgər Paşinyan hakimiyyətdə qala bilsə, yəqin ki, ara-sıra Rusiya onu bu cür dəvət edib haqq-hesab çəkməyə, hesabat tələb etməyə davam edəcək və onunla hesablaşmaq göstərişi verəcək”.
Nəzakət Məmmədovanın sözlərinə görə, Azərbaycan prezidentinin Rusiyaya səfərindən sonra Nikol Paşinyanın Moskvaya dəvət olunması Rusiya rəhbərliyi tərəfindən onu fakt qarşısında qoymaq cəhdi idi və bu, baş verdi:
“Ermənistan baş nazirinin Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı cəfəng bəyanatı da Rusiyaya demarş cəhdi idi.
Rusiya təbii ki, ona inanmır. Bu, birmənalı olaraq belədir. Paşinyanın diplomatik bacarığı ondan ibarət ola bilərdi ki, Rusiyanı ona qarşı olmadığına, müttəfiq kimi sadiq qalacağına inandıra bilsin. Lakin bu, baş vermədi. Putinlə mətbuata açıq görüşdə o, müttəfiqlik öhdəliklərini yerinə yetirməkdən yox, iki ölkə arasında münasibətlərin inkişafı ücün potensialın aşkarlanması barədə mücərrəd fikirlər səsləndirdi.
Bunlar göstərir ki, Paşinyan Putini inandıra bilmədi, artıq onun hakimiyyətə gəlməsindən 100 gündən çox vaxt keçib və bu müddət Rusiyaya Ermənistanın hazırkı rəhbərliyinin siyasəti barədə qəti fikrə gəlməyə imkan verdi”.