Bakıda baş tutan 15 sentyabr paradına tarixi kontekstdən baxmaq lazımdır. Bu parad Azərbaycan və Türkiyənin qardaşlıq simvoludur, çətin dönəmlərdə qardaşın-qardaşa dəstəyinə bariz nümunədir.
Bu fikirləri Teleqraf.com-a sabiq təhsil naziri, professor Firudin Cəlilov sentyabrın 15-də Bakının işğaldan azad edilməsinin 100 illik yubileyi münasibəti ilə keçirilən təntənəli paradın əhəmiyyəti haqqında danışarkən deyib.
Professor 100 il əvvəl Bakıda ingilislərin erməniləri silahlandıraraq türk ordusuna qarşı vuruşmağa təhrik etməsini xatırladıb. Deyib ki, Bakının 100 il əvvəlki durumunu göz önünə gətirəndə insan dəhşətə gəlir:
“O dövrdə Bakıda ermənilərin qurbanı olmamaq üçün kəndlərə qaçıb gedənlərə belə rast gəlinib. Bu vəziyyətdə bir ordu gəlib xalqı xilas edirsə, bu, möhtəşəm hadisədir. Digər tərəfdən, gələn ordu bizim qardaşlarımızdır. Dar günümüzdən gəlib əhalini soyqırımından xilas etdilər. Tarixi gerçəlik baxımından Bakının işğaldan azad edilməsinin 100 illiyinin belə təntənəli formada qeyd edilməsi müsbət hadisədir. Hesab edirəm ki, 15 sentyabr paradı həm də Azərbaycanı sevməyənlərə, onun ərazilərini işğal edənlərə, ölkəmizə badalaq vurmaq istəyənlərə göz dağıdır. Fikrimcə, Bakının mərkəzində belə möhtəşəm tədbirin baş tutması həm də Azərbaycanın yaxşılıqları unutmayan bir dövlət olduğunun göstəricisidir”.
Sabiq nazir əlavə edib ki, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın abidəsinin qoyulması gözəl hadisə olardı. Onun sözlərinə görə, Nuru Paşa həm də bizim özümüzü təmsil edib:
“100 illik yubileyə həm də siyasi aspektdən yanaşmaq lazımdır. Bu parad bəzi qüvvələrə göz dağı verməkdir. Ələlxüsus düşmənlərimizə. Azərbaycan şahinləri havada göstərilər həyata keçirdi. Bir zamanlar kimlərsə bizim dövlətimizin sərhədlərini pozmağa çalışırdılar. O zaman türk şahinlər Bakıda eynən belə göstərilər həyata keçirdi. Düşmənlərimiz gördü ki, bu millət sahibsiz deyil. Biz müharibə şəraitində yaşayan ölkəyik və belə paradların böyük əhəmiyyəti var. Belə paradlar insanlarda ruh yüksəkliyi, dövlətə inam yaradır”.