Müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Ordusunun rəhbərliyi, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirlərinin və digər məsul zabitlərin cəlb olunması ilə geniş tərkibdə xidməti müşavirə keçirib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdıran Müdafiə naziri qoşunların təmas xəttində yaranmış son vəziyyətin təhlilini apararaq əsas diqqəti döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili, şəxsi heyətin təhlükəsizliyini maksimal təmin etmək məqsədilə xüsusi texniki vasitələrdən geniş istifadə edilməsi, eləcə də qış mövsümünə hazırlığın sona çatdırılması, dağlıq ərazilərin xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş və maddi-texniki təminatının həyata keçirilməsi ilə əlaqədar göstərişlər verib.
Müşavirə zamanı general-polkovnik Z.Həsənov gənc əsgərlərlə işin təşkili, fərdi və tərbiyə işinin səmərəliliyinin artırılması, trenajorlarda və təlim mərkəzlərində keçirilən nəzəri məşğələlərin intensivləşdirilməsi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının fəaliyyətlərinin təhlili və müxtəlif peşələr üzrə yarışların keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.