13 Oktyabr 2018 11:26
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan meşələrinin ən yüksək nöqtələrinə kameralar quraşdırılacaq".

Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Nazirlik sözçüsü bildirib ki, bu təcrübə dünyanın bir çox ölkəsində tətbiq olunub və müsbət nəticə əldə edilib: "Bunu həyata keçirməkdə məqsəd meşələrin effektiv mühafizə olunması, giriş və çıxışlarına nəzarət etmək, meşə ərazilərinin yanğından mühafizə edilməsi və profilaktikadır".

Bu təcrübənin mahiyyətindən danışan ETSN rəsmisinin sözlərinə görə, Azərbaycan meşələrinin ən yüksək nöqtələrinə kameralar quraşdırılması nəzərdə tutulub: "Kameraların quraşdırılması üçün elə yerlər seçilir ki, həmin kameralar vasitəsilə daha çox meşə massivinə nəzarət olunacaq. Kameralar 360 dərəcə ətrafında fırlanacaq və vahid mərkəzdən idarə olunacaq. Bununla da ərazi daim müşahidə ediləcək, hər hansı kənar şəxs daxil olduqda, tüstü çıxdıqda dərhal reaksiya veriləcək".

İ.İbrahimova qeyd edib ki, bir sıra meşə massivlərinin ərazisində giriş və çıxış üçün müxtəlif ərazilərdən yollar var: "Meşə oğrularının meşə ərazilərinə daxil olmasının qarşısının alınması üçün həmin yolların şlaqbaumlar vasitəsi ilə bağlanılması nəzərdə tutulur. Artıq bu işlərin bir hissəsi həyata keçirilib. Məqsəd odur ki, meşə ərazilərinə daxil olmaq üçün bir və ya iki yol olsun, həmin yollara isə daim nəzarət edilsin".

Həmçinin meşələrin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması və kənar müdaxilələrin qarşısının alınması üçün Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Oğuz rayonlarının meşə ərazilərinin intensiv giriş yollarına şlaqbaumlar quraşdırılıb, ağaclar əkilib:

"Hesab edirik ki, bu cür tədbirlərlə meşələrə müxtəlif müdaxilələrin qarşısı alınacaq və ərazilərin daim nəzarətdə saxlanması mümkün olacaq. Bu tədbirlər Respublikanın digər meşə ərazilərində də davam etdirilir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər