18 Oktyabr 2018 12:21
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Sidney adlı qəsəbənin salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsi Azərbaycana qarşı təxribatdır.

Bu fikirləri Teleqraf.com-a millət vəkili Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, Ermənistanın əvvəlki və indiki rejimləri avantüra ilə məşğuldurlar:

“Onlar Azərbaycan ordusunun gücünü, xalqın torpağını azad etmək uğrunda əzmini görüblər. İstər 2016-cı ilin aprel müharibəsində, istərsə də bu il Naxçıvan sərhəddində baş verən döyüşlərdə ordumuz öz gücünü göstərdi. Azərbaycan xalqı daim beynəlxalq hüquqa sayğı göstərib. Bu qanunlara riayət etməklə konfliktin sülh yolu ilə həllinə çalışır. Amma qarşı tərəf işğalçıdır və işğalçı siyasətini ört-basdır etmək üçün müxtəlif tədbirlər həyata keçirir. Bu yaxınlarda Paşinyanın xanımı bir dəstə qadınla Qarabağa səfər edir və guya sülh kampaniyası aparır. Bunlar o qədər riyakardır ki, dəvəquşu kimi başlarını gizlədirlər, amma düşünmürlər ki, quyruqlarını hər kəs görür. İşğal siyasətinə don geyindirmək mümkün deyil. Bu təxribatçı hərəkətdir və beynəlxalq hüquqa zidd addımdır. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, danışıqlar vasitəsilə problemin həllinə sadiqdir, amma bu alınmasa, digər variantlarla bir ovuc torpağı da işğalda qoyulmayacaq. Qarşı tərəf nə zaman avantüra edirsə, dərhal cavabını alır. Bir vaxt helikopterlə sərhədi pozdular və cavablarını aldılar”.

Məlahət İbrahimqızı əlavə edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi erməni tərəfinin son təxribatı ilə bağlı bəyanat yayıb:

“Hesab edirəm ki, indi konfliktin həllinə dair görəvləndirilən ATƏT-in Minsk qrupunun həmsədrləri də fakta münasibət bildirməlidir. Heç bir tədbir görmürlər. ATƏT, Avropa Şurası, NATO və digər beynəlxalq qurumlar bu məsələdə mövqe ifadə etməlidir. Onlar anlamalıdır ki, bölgədə müharibə başlaya bilər. Azərbaycan xalqının səbri tükənməz deyil. Azərbaycanın Ali baş Komandanı bəyan edib ki, Azərbaycan xalqının və elitasının səbri tükənə bilər. O zaman aprel müharibəsindən daha ciddi hadisələr baş verəcək, Azərbaycan bayrağı Kəlbəcərdə dalğalanacaq. Mən ermənilərin son hərəkətini provokasiya, təxribat adlandırıram”.


Müəllif: Cavad

Oxşar xəbərlər