Oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyətə başlamasının 10 illiyi və regionların sosial-iqtisadi inkişafında QHT-lərin rolu mövzusunda Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində ictimai müzakirə keçirib.
Tədbir başlamazdan öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub.
Toplantıda ilk olaraq Şuranın 10 illik fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. Tədbirdə geniş məruzə ilə çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, cənab prezident İlham Əliyevin fərmanı ilə Şuranın yaradılması Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinin daha da inkişaf etdirilməsi, QHT-lərin milli maraqlarımızın ictimai müstəvidə qorunması sahəsində konsaldasiyasının gücləndirilməsi ilə bağlı siyasi iradəsinin təzahürüdür.
F. Qurbanov bildirib ki, Azərbaycanın milli maraqlarının təminatı və ölkəmiz haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması işində prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə ictimai dəstək vermək məqsədilə Şuranın maliyyə yardımı ilə QHT-lər indiyədək müxtəlif ölkələrdə yüzlərlə layihə həyata keçirib: “Bu layihələr çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, Xocalı soyqırımı haqqında həqiqətlər müxtəlif ölkələrin ictimaiyyətinin və nüfuzlu beynəlxalq təşkilatların diqqətinə çatdırılıb”.
Katibliyin icraçı direktoru bildirib ki, ötən 10 ildə Şuranın təşəbbüsü ilə QHT qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan ciddi addımlar hazırda da uğurla davam etdirilir.
Fərasət Qurbanov Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, demokratik dəyərlərin qorunmasınavə QHT-lərə göstərdiyi yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə ictimai sektor adından dərin minnətdarlığını bildirib.
Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rəhbərlik etdiyi rayonda QHT-lərlə qurulmuş səmərəli əməkdaşlıq münasibətlərindən və ictimai təşkilatların fəaliyyətinin əhəmiyyətindən danışıb. A. Məmmədov Şuranın dəstəyilə ölkə QHT-lərinin milli maraqlarımızın qətiyyətlə qorunması işində yaxından iştirak etdiyini vurğulayıb. İcra başçısı Şuranın fəaliyyətinin 10 illiyi münasibətilə bütün ictimai sektoru təbrik edərək uğurlar arzulayıb.
Tədbir iştirakçılarına Şuranın fəaliyyətinin 10 illiyinə həsr edilən kitab təqdim olunub.