25 Avqust 2014 13:48
1 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın nüfuzlu ingilisdilli "Pakistan Observer" qəzetində, "DNA News" informasiya agentliyində və "Centreline" jurnalında tanınmış jurnalist Həmid Şahinin "Mehriban Əliyeva: Kədəri sevincə çevirən insan" adlı məqaləsi dərc edilib.

Bu barədə Trend-ə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, H.Şahin məqaləsində Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın özünü insanların firavan yaşamasına həsr etmiş nadir insanlardan olduğunu qeyd edərək bildirib ki, tanınmış ziyalı ailəsində böyümüş Mehriban Əliyeva valideynlərindən insan dəyərlərinə hörmətlə yanaşmağı, poeziya, mədəniyyət və musiqini sevməyi öyrənib.

Yazıda Mehriban Əliyevanın öz xeyriyyəçilik fəaliyyətinə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu vasitəsilə Azərbaycan mədəniyyətinin təbliği ilə başladığı vurğulanıb. Bildirilib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2004-cü ilin 10 may tarixində ümummilli lider Heydər Əliyevin adını daşıyan fondun prezidenti vəzifəsinə təyin olunduqdan sonra bu fəaliyyətini daha da genişləndirib.

Məqalədə mədəniyyət sahəsinin Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən biri olduğu qeyd olunub, bu istiqamətdə görülmüş işlər, inşa edilmiş Muğam Mərkəzi, konsert zalları, musiqi liseyləri və Niaqarada muğam günləri, Qəbələ festivalı, Vivaldi və Gerşvinin musiqi kompozisiyalarının ifaları, Azərbaycan mədəniyyəti haqqında nəşrlər barədə bilgilər verilib.

Həmçinin Fondun əsas istiqamətlərindən birinin uşaq problemlərinin həlli olduğunu bildirən H.Şahin bu təşkilat tərəfindən yüksək standartlara cavab verən məktəblər, xəstəxanalar, Talassemiya Mərkəzinin inşa olunduğunu vurğulayıb. Məqalədə, həmçinin Mehriban Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə uşaqlar və ahıllar evlərinə maddi və mənəvi yardımlar edildiyi, əlil uşaqların cəmiyyətə inteqrasiya olunması üçün yay düşərgələrinin təşkil olunduğu, qanvermə və insulin paylaşdırılması proqramlarının həyata keçirildiyi bildirilib.

Azərbaycanda bütün dinlərin nümayəndələrinin harmoniyada yaşadığını bildirən jurnalist vurğulayıb ki, Azərbaycanın birinci xanımı dinlərarası dialoq mövzusunda keçirilmiş bir çox beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısı olub. Mehriban Əliyeva "Azərbaycan Tolerantlığın Evidir" proqramı çərçivəsində Azərbaycanda bir sıra müsəlman, katolik və ortodoks dini məbədlərinin yenidən qurulması və bərpasının təşəbbüskarı, həmçinin icraçısı olub. Bununla yanaşı, jurnalist dünya irsinin qorunub saxlanılması istiqamətində Mehriban xanım Əliyeva tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlar verərək, Heydər Əliyev Fondu tərəfindən Strasburq Kafedral kilsəsinin bərpası, Luvr Muzeyində İslam incəsənət mərkəzinin təsis edilməsi və Versal Sarayında təmir işlərinin aparılmasını qeyd edib.

Yazıda Mehriban xanım Əliyevanın Azərbaycanın folklor ədəbiyyatı və musiqi irsinin inkişafına görə UNESCO-nun, həyatın müxtəlif sahələrində genişmiqyaslı fəaliyyətinə görə isə ISESCO-nun xoşməramlı səfiri titullarına layiq görüldüyü bildirilib.

Məqalədə, həmçinin Fondun diqqət mərkəzində olan idman sahəsinə xüsusi diqqət göstərilərək bildirilib ki, Azərbaycanın Gimnastika Federasiyasının prezidenti olan Mehriban xanım Əliyevanın nüfuzu sayəsində 2003, 2004 və 2005-ci illərdə gimnastika üzrə dünya cempionatları Bakıda keçirilib.

Pakistanlı jurnalist Mehriban Əliyevanın Avropanın ən mötəbər mahnı müsabiqəsi olan "Eurovision 2012"-nin Bakıda keçirilməsinə rəhbərlik etdiyini qeyd edərək bildirib ki, Azərbaycana gəlmiş çoxsaylı qonaqlar Azərbaycan xalqının qonaqpərvərliyi ilə tanış olmaqla yanaşı, yüksək səviyyədə təşkil olunmuş müsabiqədən çox razı qaldıqlarını və Bakının gözəlliklərindən heyran olduqlarını vurğulayıblar.

H.Şahin yazısının böyük bir hissəsini Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda icra edilmiş layihələrə ayırıb. Bildirilib ki, 2007-ci ildə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən qızlar məktəbi inşa edilib və 2012-ci ildə orada əsaslı yenidənqurma və təmir işləri aparıldıqdan sonra məktəbə Mehriban Əliyevanın adı verilib.

Müəllif 2012-2013-cü illərdə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Pakistanda səhiyyə, təhsil və humanitar sahələrdə bir sıra layihələrin icra edildiyini qeyd edib. O bildirib ki, "Edhi Home" kimsəsizlər evləri, "Akbar Care" İnstitutu, "Serebral" iflic klinikası və "Lakki Marvat" uşaq və qadın xəstəxanasında hepatit B virusuna qarşı peyvəndləşdirmə və müayinələr aparılıb, Saif Fonduna maddi yardımlar edilib.

Daha sonra yazıda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Peşəvər şəhərində Dünya Donarlar Gününə həsr edilmiş mərasimdə qan xəstəliklərin müayinəsi ilə məşğul olan "Həmzə" Xeyriyyə Fonduna xüsusi qanköçürmə laboratoriyası ilə təchiz olunmuş "Suzuki" markalı təcili tibbi yardım avtomobili və minlərlə qanköçürmə paketi hədiyyə etdiyi bildirilib. Eyni zamanda vurğulanıb ki, Heydər Əliyev Fondu Xayber Paxtunxva əyalətində həyata keçirdiyi humanitar layihələr proqramı çərçivəsində Xayber Göz Fondunun nəzdində fəaliyyət göstərən Göz klinikasının yeni blokunun və gözləmə otaqlarının inşası üçün maddi yardım göstərib.

Məqalədə Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2012-2014-cü illərdə Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar və ahıllar üçün iftar süfrələri təşkil edildiyi, həmçinin Lakki Marvat bölgəsində və zəlzələdən zərər çəkmiş Bəlucistanda, Lahor, İslamabad və Fayzalabad şəhərlərində Qurban bayramı münasibətilə yüzlərlə iribuynuzlu qurbanlıq heyvanların kəsilərək əhalinin kasıb təbəqələrinə paylanıldığı bildirilib.

2014-cü ildə isə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Dera İsmail Xan bölgəsində "Heydər Əliyev Su Təhcizatı" layihəsi həyata keçirilib ki, bunun nəticəsində ərazidə yaşayan on minlərlə insan içməli su əldə edib.

H.Şahin, eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dünya mədəni irsinin qorunub saxlanılması istiqamətində gördüyü işlərə görə bir sıra dövlətlərin orden və medalları ilə təltif olunduğunu da vurğulayıb. O bildirib ki, onların sırasında Pakistanın "Şəhid Benzair Bhutto" adına mükafat, həmçinin "Daily Times" qəzeti və "Könüllü qadınlar təşkilatı" tərəfindən verilmiş "Humanizmin Simvolu. 2012-ci ilin Qadını" mükafatları da olub.

Məqalə "Heç şübhəsiz ki, Mehriban Əliyevanın Pakistandakı fəaliyyəti iki qardaş ölkə arasında münasibətlərin daha da güclənməsinə xidmət edir" sözləri ilə yekunlaşıb.


Müəllif:

Oxşar xəbərlər