Bu gün Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) açılış mərasimi keçirilib.
Teleqraf .com xəbər verir ki, mərasimdə iştirak edən Kənd təsərrüfatı naziri İnam Kərimov daha sonra Fermerlər Şurasının iclasında iştirak edib, onların problemlərini dinləyib.
Nazir bildirib ki, bu kimi mərkəzlərin açılmasında əsas məqsəd bütün kənd təsərrüfatı xidmətlərinin vahid bir məkanda cəmlənməsidir: "Burada fermer və kəndlilərə nazirliyin 68 xidməti təqdim olunur. DAİM şəffaf xidmət göstərəcək".
Nazir jurnalistlərə açıqlamasında pambıq yığımına da toxunub. Bildirib ki, bu il məhsuldarlıq yüksək olub: "Gələn il bundan da yüksək məhsuldarlıq gözləyirik. Bu il 215 min tondan çox pambıq tədarük olunub. Ötən ilə nisbətən məhsuldarlıq yüksəkdir. Orta məhsuldarlıq 16 sentnerdən çoxdur. Bunun əsas səbəbi beynəlxalq təcrübədən yararlanmağımızdır. Gələn il daha yüksək məhsuldarlığın əldə olunması gözlənilir. Bu il 132 min hektar əkilibsə, gələn il 100 min hektar pambıq sahəsinin əkilməsini planlaşdırmışıq. Amma bu şərtlə ki, məhsuldarlıq artırılsın. Məqsədimiz intensiv məhsuldarlığa nail olmaqdır.
Burda ən vacib şərtlərdən biri də koorperativləşməyə təşviq etməkdir. Artıq ilk korperativləşmə Sabirabad rayonunda təşkil olundu və bunun artırılması gözlənilir".
Nazir gənclərin aqrar sahəyə marağının artırılması məqsədilə Aqrar İnkişaf könüllüləri layihəsinin başlandığını bildirib: "3 ilə 10 minə yaxın könüllünün fəaliyyətə başlaması planlaşdırılıb. Bu, aqrar sahəylə bağlı yeni bir könüllü layihəsidir. AMAL da gənc fermerlərə dəstək olmaq məqsədilə açılıb. Bu yaxınlarda icrasına başlanılacaq. Bütün rayonlarda icra olunması planlaşdırılıb".
İnam Kərimov həmçinin bildirilib ki, nazirlik bu yaxınlarda "Kənddən şəhərə" layihəsinin fəaliyyətinə başlamaq üzrədir:
"Məqsəd fermerlərin məhsullarının satılmasına, yeni bazarların tapılmasına kömək olmaqdır. Bu satış yarmarkalarının müasir yarmarka konsepsiyası üzərində qurulacaq. Ənənəvi yarmarkalarda seçiləcək. Böyük supermarketlərdə bu devizi altında məhsullar satışa çıxarılacaq. O cümlədən, fermerlərin məhsullarının satışına ən böyük dəstək elektron kənd təsərrüfatı sahəsində keçiriləcək.
Çünki bəzi hallarda fermerlər planlaşdırmanı düzgün qura bilmir. Məsələn, bu il sarımsaq baha olur, hamı gələn il sarımsaq əkir. Ancaq planlaşdırmaya kömək olunsa, onlar gələn il nəyin əkilməsini yaxşı biləcəklər".